AMEA Naxçıvan Bölməsinin 2016-cı ildəki fəaliyyətinə dair ümumi yığıncaq keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, hesabat dövründə AMEA Naxçıvan Bölməsinin tərkibindəki elmi-tədqiqat müəssisələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyasının verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirməyə çalışıblar. 2016-cı ilin elmi-tədqiqat işlərinin planına əsasən bölmə institutlarında 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzu üzrə 31 iş 76 mərhələdə aparılıb. Tədqiqatlar 29 şöbə və labоratоriya, 2 akademik, 5 müxbir üzv, 4 elmlər dоktоru, 47 fəlsəfə dоktоru, 5 doktorant, 13 elmi işçi оlmaqla 76 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib.
Akademik İsmayıl Hacıyev qeyd edib ki, hesabat ilində əməkdaşların elmi-tədqiqat işləri 23 monoqrafiya, 15 kitab, 4 metodik vəsait, 560 elmi məqaləsi və konfrans materialı, 15 tezis olmaqla 617 elmi əsərdə öz əksini tapıb. (2015-ci ildə 571 əsər olub). Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 137 elmi məqalə və konfrans materialı, 7 tezis olmaqla 148-i xaricdə çap edilib. Bu il 21 nəfərin 29 elmi məqaləsi impakt faktorlu jurnallarda nəşr olunub ki, ötən il bu rəqəm 23 olub. 2015-ci illə müqayisədə 2016-cı ildə əməkdaşların sayının az olmasına baxmayaraq 43 əsər çox dərc edilib. Kitab və monoqrafiyaların çapı baxımından ötən illə müqayisədə 10 monoqrafiya və 10 kitabçox işıq üzü görüb. Hesabat ilində bir elmi əməkdaşa düşən əsər sayı 8,1 olub.
Hesabat dövründə Ümumdünya Təbiəti Mühafizə Təşkilatının qrant layihələrində qalib gəlinib və ötən dövr ərzində mövzu istiqamətində aparılan tədqiqatlar və hesabatlar Elmin İnkişafı Fonduna təqdim olunub.
Bölmənin 48 əməkdaşı respublikada və xaricdə 25 beynəlxalq simpozium və konfransda məruzələrlə çıxış edib.2016-cı ildə AMEA Naxçıvan Bölməsinin humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının, o cümlədən “Axtarışlar” jurnalının 4 nömrəsi çap olunub. Bölmənin Rəyasət Heyətində 26 kitab və monoqrafiyanın nəşr edilməsi tövsiyyə edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın hazırlanması haqqında imzaladığı Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin fövqəladə hallardan qorunması üçün AMEA Naxçıvan Bölməsində işçi qrupu yaradılmış, İnstitut əməkdaşları tərəfindən Naxçıvan MR ərazisində baş verə biləcək fövqəladə hallar araşdırılmış və bu halların qarşısının əvvəlcədən alınması üçün qabaqlayıcı tədbirlər haqqında hesabat hazırlanaraq FHN-nə təqdim edilib. Eyni zamanda “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-etnoqrafik atlası, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapa hazırlanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək AMEA Naxçıvan Bölməsində bir sıra işlər görüldüyünü lakin bütövlükdə yaradılan şəraitdən lazımınca istifadə edilmədiyini qeyd edib. Aparatın rəhbəri bildirib ki, 2017-ci il Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi üçün işdə ciddi dönüş ili olmalı, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Taryel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev çıxış edərək muxtar respublikada elmi mühitin canlandırılması və inkişaf etdirilməsinə bundan sonra da öz töhfələrini verəcəklərini, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklərini bildiriblər.
Tədbirdə еlmi fəаliyyətlərinə görə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov və Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva ilin alimi fəхri adına layiq görülərək AMEA Naxçıvan Bölməsinin Rəyаsət Hеyətinin Fəxri Fərmanı ilə təltif olunublar.
Tədbirdə 2016-cı ildə bölmə əməkdaşlarının elmi fəaliyyətlərini əks etdirən videogörüntü və elmi nəşrlərdən ibarət sərgi də nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.