Dekabrın 15-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Respublika Elmi Tədqiqatların Əlaqləndirilməsi Şurasının Filologiya problemləri üzrə elmi şurasının bu ilə olan yekun toplantısı keçirilib.
Şuranın sədri, akademik Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda 3-ü elmlər doktorluğu, 15-i fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 18 iddiaçının mövzusu müzakirə edilib.
Tədbirdə elmlər doktoru hazırlığı üzrə təqdim edilmiş 3 mövzunun qənaətbəxş səviyyədə olmadığı qeyd edilib. Elmlər doktorluğu mövzuları iddiaçılarından Gülnarə Həsənovanın “Lev Tolstoyun Azərbaycan ədəbiyyatına təsir problemləri” mövzusu qəbul olduğu ixtisas şifrinə uyğun gəlmədiyindən, Səməngül Qafarovanın “XX əsrin I yarısında Azərbaycan və rus uşaq ədəbiyyatının janrları” mövzusu doktorluq dissertasiyası işi üçün sanballı problematikanı hədəf götürmədiyindən, Xatirə Hüseynovanın “Müasir qlobal informasiya telekanallarının iş xüsusiyyətləri (CNN və Euronews-un timsalında)” mövzusu isə ciddi elmi əhəmiyyətli problematika qoymadığından və iddiaçıdan mükəmməl ingilis dili bilgisi tələb olunması səbəbindən təsdiq edilməyib.
Tədbirdə “Alman dilindən Azərbaycan dilinə bədii tərcümədə semantik və üslubi ekvivalentlik”, “XX əsrin əvvəlləri Azərbaycan uşaq mətbuatının yaranması və inkişaf mərhələləri”, “Azərbaycan nağıllarında süjet içində süjet (kontaminasiya) problemi”, “İngilis-Azərbaycan tarixi romanlarında tarixilik və müasirlik konsepsiyası”, “İngilis xüsusi isimlərinin azərbaycancaya transliterasiyası”, “Müasir dövrdə dil və mədəniyyət problemi”, “Fars dilində məkan konseptinin ifadə vasitələri”, “Gilqamış” ingilis-amerikan mənbələrində”, “Azərbaycan və rus romanlarında tarixi şəxsiyyət problemi (1930-1960-cı illər)” və digər filologiya üzrə fəlsəfə doktorluğu hazırlığı mövzuları nəzərdən keçirilib. Baxılmış mövzulardan 7-si təsdiq edilməyib.
Beləliklə, iclasda 8-nin adında dəyişiklik edilməklə, 11 mövzu təsdiq edilib. Bəzi mövzularda araşdırma obyektlərinin yetərincə dəqiq müəyyənləşdirilmədiyi, ayrı-ayrı hallarda konkretləşdirilmələrə ehtiyac duyulduğu, təklif olunan mövzunun əvvəllər başqa tədqiqatçılar tərəfindən işləndiyi, eləcə də mövzunun ixtisas şifrinə aid olmadığı diqqətə çatdırılıb, bəzi mövzularla əlaqədar isə daha dolğun plan-prospektin hazırlanması tövsiyə edilib.
Müzakirələrdə akademik Rafael Hüseynov, filologiya üzrə elmlər doktorları, professorlar Azadə Musayeva, Bilal İsmayılov, Cəlil Nağıyev, Nadir Məmmədli, Ramiz Əsgər, Şəfəq Əlibəyli çıxış edərək rəy və tövsiyələrini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.