Dekabrın 23-də AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirilib. İclasda bölmənin büro üzvləri, bölməyə daxil olan elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri və mühüm nəticə icraçıları iştirak ediblər.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, iştirakçıları iclasın gündəliyi ilə tanış edib. Akademik 2016-cı ilin bölmə üçün uğurlu hadisələr və faydalı işlərlə yadda qaldığını qeyd edib. Alim bildirib ki, ötən il fəaliyyətə başlamış İEB-in elmi müəssisələrində aparılan tədqiqatlar ölkəmizdə maddi-mənəvi və milli dəyərlərin qorunmasına, Azərbaycanın beynəlxalq aləmə fəal inteqrasiyasına istiqamətlənib.
Sonra iclasda bölməyə daxil olan elmi müəssisələrin 2016-ci ildəki elmi-təşkilati fəaliyyətlərinin yekunlarına dair hesabatları dinlənilib.
Öncə A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov elmi müəssisənin hesabatını təqdim edərək, mühüm elmi nəticələr haqqında məlumat verib. Y.Mahmudov bildirib ki, tarixçi alimlər tərəfindən Prezident İlham Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının müstəqillik dövrünün ictimai-iqtisadi, siyasi tarixinin ən aktual məsələləri, o cümlədən 25 il ərzində əldə olunan uğurlar ilk dəfə qaynaqlar, arxiv sənədləri və elmi ədəbiyyat əsasında fundamental şəkildə araşdırılaraq ümumiləşdirilib. Mühüm nəticələr hər biri iki cilddən ibarət olan beş adda monoqrafiyada öz əksini tapıb. Alim Dövlət mükafatına layiq görülmüş İrəvan xanlığı haqqında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental monoqrafiyanın da ilk dəfə bu il müxtəlif dilərdə nəşr olunaraq elmi ictimaiyyətə təqdim edildiyini qeyd edib. Bundan başqa, məruzəçi tarixçi alimlərin uzunmüddətli tədqiqatları nəticəsində ərsəyə gələn, Balkanlardan köç edərək Anadolunun şərqində yurd salan erməni etnosunun gerçək tarixi haqqında “Real tarix və böyük Ermənistan uydurması” və 1918-1920-ci illərdə Azərbaycanın bütün bölgələrində ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı cinayətinin əsl tarixinin araşdırıldığı “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” adlı əsərlərin nəşr olunduğunu bildirib.
Y.Mahmudov qeyd edib ki, cari ildə institut əməkdaşlarının elmi tədqiqat planı üzrə gördükləri işlər 4 istiqamət, 4 problemi, 37 mövzunu və 4 işi əhatə edib. İnstitut əməkdaşları tərəfindən 384 əsər nəşr olunub. 3 monoqrafiya, 89 məqalə xaricdə, 7 məqalə isə impakt faktorlu jurnalda dərc olunub.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova cari ildə arxeoloq alimlərin “Şimal-qərbi Azərbaycan abidələrinin arxeoloji tədqiqi” mövzusu üzrə elmi tədqiqat işləri apardığını bildirib. M.Rəhimova institut alimlərinin Qəbələ rayonu ərazisində e.ə. IV minilliyin başlanğıcına aid Qafqazın bu dövr tarixi üçün ilk dəfə olaraq katakomba tipli qəbir abidəsi aşkar etdiklərini deyib. Alim tapıntının Azərbaycanda e.ə. IV minilliyin birinci yarısında yayılmış Leylatəpə mədəniyyətinin dəfn adətlərinin tədqiqində yeni istiqamət olduğunu vurğulayıb.
Məruzəçi 2016-cı ildə “Cənub-şərqi Azərbaycan abidələrinin arxeoloji tədqiqi” mövzusu üzrə tədqiqat aparan arxeoloqlar tərəfindən Azərbaycanın cənub-şərq bölgəsi üçün ilk dəfə olaraq Lerik rayonunda erkən antik dövrə aid Piboztəpə nekropolunda genişmiqyaslı arxeoloji qazıntılar aparıldığını söyləyib. ABŞ-ın Pensilvaniya Universitetinin tədqiqatçıları ilə birgə Piboztəpə nekropolunda ilkin paleozooloji, antropoloji, paleogeoloji tədqiqatların həyata keçirildiyini, Corcia Universitetində isə nekropoldan nümunələr əsasında radiokarbon analizlərin aparıldığını qeyd edən M.Rəhimova bütün bunların Azərbaycanda antik dövr nekropolunun ilk kompleks araşdırmaları olduğunu bildirib.
Məruzəçi institut əməkdaşlarının cari ildə 6 problem, 24 mövzu üzərində elmi tədqiqat işi apardığını qeyd edib.
Tədbirdə Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva hesabat məruzəsiylə çıxış edərək bildirib ki, institutun alimləri tərəfindən aparılan elmi tədqiqatlar Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-siyasi vəziyyəti, Şərq ölkələri ilə Azərbaycanın əlaqələri, Şərq filologiyası, yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri, eləcə də Şərq-Qərb sivilizasiyalararası münasibətlərinə həsr olunub.
İnstitut əməkdaşlarının 5 problem, 11 mövzu, 105 iş üzrərində elmi tədqiqat işi apardığını qeyd edən G.Baxşəliyeva cari ildə 256 kitab monoqrafiya, məqalə və tezisin dərc edildiyini bildirib.
Məruzəçi şərqşünas alimlər tərəfindən elmi tədqiqat planına uyğun olaraq, “Klassik türk ədəbiyyatının tədqiqi və Azərbaycan ədəbiyyatına dair türk alimlərinin araşdırmaları” mövzusu üzrə aparılan elmi işdən də danışıb. “Cənubi Azərbaycanın tarixi, iqtisadiyyatı və ictimai-siyasi vəziyyəti” mövzusu çərçivəsində “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” və “Cənubi Azərbaycan: 21 Azərdən İranda Ağ İnqilaba qədər: iqtisadi və sosial-siyasi vəziyyət” adlı monoqrafiyaların çap olduğunu deyib. Bildirib ki, qeyd edilən kitablarda XX əsrdə Cənubi Azərbaycanın təqribən yarıməsrlik tarixi geniş işıqlandırılıb. 1918-ci ildə erməni-daşnak hərbi dəstələri tərəfindən yalnız Bakı, Quba, Şamaxı və digər bölgələrdə deyil, həm də İranın şimal-şərqi əyalətlərində Azərbaycan xalqına qarşı kütləvi qırğınların həyata keçirilməsi qeyd edilib, bu soyqırımın ağır nəticələri təhlil olunub. Eyni zamanda, 1946-cı ildən 1960-cı illərə qədər Azərbaycan əyalətlərində sosial-iqtisadi, siyasi və mədəni vəziyyət dərindən təhlil edilib, şah hökumətinin xüsusilə, azərbaycanlı əhalinin, eləcə də milli azlıqların təhsil və mədəni hüquqları sahəsindəki siyasəti araşdırılıb.
İclasda Fəlsəfə və Hüquq İnstitutunun hesabatını təqdim edən, institutun direktoru, professor İlham Məmmədzadə elmi müəssisədə müasir dövrdə dinşünaslığın nəzəri məsələləri, dinlərin tarixi və fəlsəfəsi, Azərbaycanda din və mədəniyyətin aktual problemlərinin araşdırıldığını bildirib. Qlobalistikanın fəlsəfi sosioloji və sosial-psixoloji məsələləri, modernləşmənin sosioloji problemləri, gender tədqiqatları istiqaməti üzrə dünya və Azərbaycan fəlsəfə, ictimai fikir və mədəniyyət tarixinin ən aktual, mübahisəli məsələlərinin təhlili istiqamətində tədqiqatların aparıldığını qeyd edib. Alim hesabat ilində əməkdaşların 2 elmi istiqamət, 3 problem, 9 mövzu üzrə 82 iş yerinə yetirdiyini bildirib.
İqtisadiyyat İnstitutunun direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov hesabat ilində innovasiyalara əsaslanan davamlı iqtisadi inkişaf modelinin formalaşması və inkişafı, iqtisadi artımın keyfiyyəti, qeyri-neft sektorunun, sahibkarlığın və beynəlxalq iqtisadi münasibətlərin inkişaf problemləri istiqamətində institutda aparılan təqdiqatlardan danışıb. İqtisadçı alimlər tərəfindən insan potensialı və kapitalının formalaşması, xidmət sektorunun inkişafının sosial-iqtisadi və demoqrafik problemləri və təbii sərvətlərdən səmərəli istifadənin sosial-iqtisadi problemlərinin tədqiqi üzrə elmi tədqiqat işlərinin davam etdirildiyini qeyd edib. İclasda institut əməkdaşlarının cari ildə 4 problem 12 mövzu, 12 iş, 106 mərhələ üzərində elmi tədqiqat işləri apardığı qeyd olunub.
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva məruzə ilə çıxış edərək hesabat dövründə “Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişaf kontekstində insan hüquqları və əsas azadlıqları məsələləri” istiqaməti üzrə institut alimləri tərəfindən araşdırmaların həyata keçirildiyini söyləyib. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına uyğun olaraq, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulmuş zərər” adlı kitabın nəşr edildiyini qeyd edib. Alim əlilliklə bağlı milli qanunvericiliyin dünya təcrübəsi ilə müqayisəli şəkildə hüquqi ekspertizasının aparıldığını və “Əlillərin hüquqları, cəmiyyətə adaptasiyası və inteqrasiyası: dünya təcrübəsi, mövcud problemlər və həlli yolları” adlı materialın hazırlandığını və bu sahədə unifikasiya olunmuş kompleks təkliflər paketinin Milli Məclisə təqdim edildiyini bildirib.
Məruzəçi institutda 6 problem, 15 mövzu və 18 mərhələ üzərində tədqiqatların aparıldığını diqqətə çatdırıb.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təşkilatın 2016-cı ildəki fəaliyyətinə dair hesabatını təqdim edib. Akademik bildirib ki, muzeyinin əməkdaşları tərəfindən Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi və təbliği istiqamətində ardıcıl işlər aparıb. Azərbaycanın orta əsrlər tarixinin tədqiqi sahəsində “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” monoqrafiyasının nəşr edildiyini deyən alim kitabda Azərbaycan torpaqlarının Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan və monqol hücumları ilə tamamlanan 6 əsrlik dövrünun əhatə edildiyini, həmin dövrün 15 ərəbdilli qaynağından Azərbaycana dair məlumatların şərhlərlə tərcüməsinin verildiyini bildirib. N.Vəlixanlı muzey əməkdaşlarının 4 problem, 10 mövzu, 19 iş üzərində tədqiqat apardıqlarını qeyd edib. Hesabat dövründə muzeydə 2 sərgi - “Şah İsmayıl – sərkərdə və hökmdar” və “Qadın geyim bəzəkləri” sərgisinin açıldığını bildirib.
İclasda Qafqazşünaslıq və Elm Tarixi institutlarının da hesabatları dinlənilib. Hər iki müəssisənin rəhbəri yarandıqları 2016-cı il ərzində beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açıblar.
Tədbirdə məruzələr dinlənildikdən sonra müzakirə olunub. Akademik İsa Həbibbəyli bölmənin bütün elmi tədqiqat müəssisələrinin əməyini yüksək dəyərləndirib, məsləhət və tövsiyələrini verib. İclasda 2016-ci ildəki fəaliyyət haqqında hesabatlar təsdiq edilib, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.