Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov 2016-cı ildə Rusiya Elmlər Akademiyasında (REA) keçirilmiş seçkilərdə bu nüfuzlu elm ocağının xarici üzvü seçilmişdir.
Yanvarın 24-də REA Rəyasət Heyətinin Moskvada keçirilən iclasında alimə bu qurumun xarici üzvü diplomu və nişanının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Vladimir Fortov akademik Abel Məhərrəmovu yüksək ada layiq görülməsi münasibətilə təbrik edib, onun Azərbaycan və dünya elmi qarşısındakı xidmətlərindən danışıb. Bildirib ki, azərbaycanlı alim 54 ixtiranın, 51 dərslik və dərs vəsaitinin, 1000-dən çox məqalə və tezisin müəllifi, 60-dan çox alimin elmi rəhbəridir.
Akademik Abel Məhərrəmov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O, REA Rəyasət Heyətinə Azərbaycan və Rusiya prezidentlərinin şəkilləri həkk olunmuş lövhə, həmçinin Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimyaçı alimlərinin birgə yazdıqları və ABŞ-da ingilis dilində dərc olunan “Qeyri-kovalent qarşılıqlı təsir” adlı monoqrafiyanı təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.