Fevralın 9-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki Oleq Kuznetsova “Professor Rövşən Mustafayev” adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirilib.
Təqdimetmə mərasimində Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva qəsbkar ermənilərin zaman-zaman törətdikləri qanlı cinayətlərdən danışıb, bu barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatların çatdırılmasının zəruriliyini vurğulayıb. Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olduğunu qeyd edən A.Mustafayeva bu istiqamətdə araşdırmalar aparan alimlərin tədqiqatlarını yüksək dəyərləndirib.
A.Mustafayeva tanınmış politoloq Oleq Kuznetsovun Cənubi Qafqazda cərəyan edən proseslərlə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqeyi ilə seçildiyini söyləyərək bildirib ki, alimin əsərlərində, analitik yazılarında və müsahibələrində bu məsələyə geniş yer verilib. Qeyd olunub ki, onun “Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış” adlı məqalələr toplusunda Rusiyanın Qafqazda siyasətinin və fəaliyyətinin təkamülü təhlil olunur, Gülüstan müqaviləsinə yeni geosiyasi yanaşma təklif edilir.
O.Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının əhəmiyyətini vurğulayan institut direktoru bildirib ki, bu kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlama səbəbləri, erməni terrorizminin mahiyyəti və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətlər müəllif tərəfindən geniş tədqiq edilib.
A.Mustafayeva tanınmış tarixçi O.Kuznetsovun bədnam ermənilərin saxtakarlıq və terrorla bağlı siyasətinin sübuta yetirilməsi istiqamətindəki səmərəli xidmətlərini qeyd edərək, onun “Professor Rövşən Mustafayev” adına medala və sertifikata layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra mükafat sahibinə təqdim olunub.
Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu və professor R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş bu mükafat hər il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda araşdırmalar aparan və münaqişə barədə həqiqətləri dünya birliyinə düzgün, təkzibolunmaz faktlarla çatdıran alimlərə verilir.
“Professor R.Mustafayev” adına medal və sertifikat ilk dəfə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevaya təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.