Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

10.02.2017 12:29
  • A-
  • A
  • A+

“Azərbaycan muğamı miniatürlərdə” kitabının təqdimatı olub

“Azərbaycan muğamı miniatürlərdə” kitabının təqdimatı olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tanınmış rəssam Fəxrəddin Əlinin “Bir kitabın izi ilə. Azərbaycan muğamı miniatürlərdə” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ictimaiyyətə təqdim olunan nəşrin əhəmiyyətindən, F.Əlinin yaradıcılığından söhbət açıb. O, kitabın milli musiqimizin təbliğində mühüm rol oynayacağını bildirib.

MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova qeyd edib ki, muğamlarla bağlı düşüncələrin əks olunduğu bu kitab milli musiqimizin inkişafına töhfədir.

Sonra Türkiyənin Qars Unversitetinin professoru, kitabın məsul redaktoru Rafiq İmrani təqdim olunan kitabın məziyyətlərindən danışıb. Bildirib ki, Azərbaycan mədəniyyətinin inkişafına, qədim muğam sənətimizin tədqiqinə həsr olunmuş kitab bu sahədə dəyərli mənbədir.

Tədbirdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada Azərbaycanın təbliğinə xidmət edən çoxsaylı işlər görüldüyünü qeyd edib. MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verən direktor bildirib ki, məqsəd Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək və oxucuların istifadəsinə verməkdir.

Təqdimat mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Teyyub Aslanov, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Sevil Fərhadova, A.Zeynallı adına Musiqi Kollecinin müəllimi Məhərrəm Dövlətov və başqaları kitabın təqdimatı münasibətilə müəllifi təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda kitabın müəllifi, tanınmış rəssam Fəxrəddin Əli tədbirin təşkilatçılarına və iştirakçılarına və kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib. O, Azərbaycan muğamlarının islam mədəniyyətinin məhsulu olması fikrini təkzib edərək, onların kökünün daha dərinlərə - Babil-şumer mədəniyyətinə gedib çıxdığını vurğulayıb. Kitabın mahiyyətinin muğamın dərinliklərinə enərək onu hiss etməklə, göz önündə canlandırmaq olduğunu bildirib.

F.Əli hazırda Nizami Gəncəviyə həsr olunan yeni kitab üzərində çalışdığını və əsərin xeyli hissəsinin artıq tamamlandığını qeyd edib.

Tədbir Xalq artisti Mənsum İbrahimovun tələbələrinin, o cümlədən MEK əməkdaşı Səddam Əliyevin muğam ifaları ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: