Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

10.02.2017 16:21
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Gülüstan türbəsi” kitabının təqdimatı keçirilib

Naxçıvan Bölməsində “Gülüstan türbəsi” kitabının təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Gülüstan türbəsi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, bu bölgənin tarixinin öyrənilməsi, qaranlıq səhifələrinin işıqlandırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada qədim yaşayış yerləri, tаriхi-memаrlıq аbidələr qeydə аlınır, mövcud olan abidələrdə tədqiqatlar aparılır, məlum olmayan abidələr üzə çıxarılaraq tədqiq edilir. Günümüzə gəlib çatan abidələr içərisində türbələrin özünəməxsus yeri olduğunu söyləyən İ.Hacıyev bildirib ki, bu tarixi türbələrdən biri də XII əsr memarlığının gözəl və təkrarolunmaz nümunəsi – Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsidir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa edilib. Gülüstan türbəsi muxtar respublika sakinləri ilə yanaşı, diyarımıza gələn xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanır və regiona gələn turistlərin böyük marağına səbəb olur.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bütün sahələrdə uğurlu yol keçən muxtar respublikada irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri aparılıb, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğı artırılıb. “Genişmiqyaslı quruculuq tədbirləri bölgədə mövcud olan memarlıq abidələrimizi də əhatə edib” – deyən R.Məmmədov qeyd edib ki, müstəqillik illərinə qədər qorunmayan, təbliğ edilməyən tarixi abidələrimizdə son illər aparılan bərpa və təmir işləri bu sənət əsərlərinin uçub-dağılmaq təhlükəsindən xilas edib. Bu abidələr içərisində Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biri olan Gülüstan türbəsi də var. Türbədə bərpa işləri aparılaraq tarixliyi saxlanılmaqla əzəli görkəmi özünə qaytarılıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublika Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən muxtar respublika ərazisində tarix və mədəniyyət abidələri qeydə alınaraq pasportlaşdırılıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə 3 dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Gülüstan türbəsi” kitabı tariximizin, mədəniyyətimizin təbliği sahəsində görülən işlərə dəyərli töhfədir. Kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin türbənin bərpası ilə bağlı imzaladığı sərəncamın mətni, türbənin tarixi, memarlıq xüsusiyyətləri, onun ətrafında tarix-memarlıq abidələri haqqında məlumatlar, eyni zamanda türbənin bərpadan əvvəl və bərpadan sonrakı çəkilmiş fotoşəkilləri yer alıb.

Tədbirdə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək tariximizin təbliğinin vacibliyindən, ictimaiyyətə təqdim olunan nəşrin əhəmiyyətindən bəhs ediblər.

Sonda akademik İsmayıl Hacıyev elm xadimləri adından tariximizin hərtərəfli araşdırılmasına, ərazidəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliğinə göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: