Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.02.2017 15:23
  • A-
  • A
  • A+

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə gətirdiyi “Soyqırım Muzeyi” kitab-albomunun və Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq dövlətimiz tərəfindən XX əsrin faciəsi - Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması və təbliği, düzgün qiymətləndirilməsi istiqamətində kifayət qədər işlərin görüldüyünü bildirib. Qeyd edib ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib, lakin bu cinayət beynəlxalq miqyasda hələlik öz hüquqi qiymətini almayıb.

Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Sərəncamını xatırladan M.Əhmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası bu Sərəncamın icrası məqsədilə Tədbirlər Planını təsdiq edib.

Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində hazırlanmış bu kitab-albomda və sənədli filmdə son 200 ildə erməni vandallarının öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və deportasiyaların miqyası xronoloji ardıcıllıqla, sistemli şəkildə tarixi sənədlərin, istintaq materialları və şahid ifadələri əsasında əks etdirilib. Tariximizlə bağlı nəşr olunan elmi əsərlər barədə fikirlərini bildirən M.Əhmədov “Soyqırım Muzeyi” kitab-albomunun əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Hərbi prokuroru, Əməkdar Hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev Hərbi Prokurorluğun Soyqırımı Muzeyi barədə məlumat verib. Qeyd edib ki, dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olan muzey XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib.

Xanlar Vəliyev bildirib ki, muzeyin soyqırımları və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu, Xocalı və ətraf ərazilərin işğalını əks etdirən maket və fotolar, habelə digər eksponatlar yer alıb.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov rəhbərlik etdiyi müəssisədə aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən birinin xalqımıza qarşı ermənilərin həyata keçirdikləri soyqırımları tarixinin araşdırılması olduğunu diqqətə çatdırıb. Bildirib ki, Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və tarixçilərimiz bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər.

Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin bu gün də davam etdirildiyini qeyd edən Y.Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb, bədnam düşmənin torpaqlarımızda, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi qanlı faciələri xatırladıb.

Y.Mahmudov azərbaycanlılara qarşı törədilən soyqırımları ilə əlaqədar ümummilli lider Heydər Əliyevin imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər təqdim olunan kitabın əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, “Soyqırım Muzeyi” kitabının digər dillərdə də hazırlanmasına ehtiyac var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: