Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Türk İncəsənəti, tarixi və folkloru” mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb
12.04.2017 17:32
  • A-
  • A
  • A+

“Türk İncəsənəti, tarixi və folkloru” mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Türk İncəsənəti, tarixi və folkloru” mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb.

Aprelin 15-dək davam edəcək konfransın təşkilatçıları Milli Azərbaycan Tarixi Muzeyi, Almaniya Türklərin Dünyası İnstitutu, Ağrı İbrahim Çeçen Universiteti, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığıdır.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı dərin köklərə, ortaq mədəniyyətə və ənənələrə sahib olan iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və hər gün daha da gücləndiyini bildirib. Qeyd edib ki, iki qardaş ölkənin əlaqələrindəki təyinedici amillər türk dünyasının böyük lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət – iki dövlət” kəlamları ilə ifadə edilib.

Sonra Ağrı İbrahim Çeçen Universiteti Pedaqogika fakültəsinin tələbələri tərəfindən Azərbaycanın xalq mahnısı “Sarı gəlin” ifa olunub.

Tədbirdə professorlar Mustafa Severin, Kübra Əliyevanın və Osman Kunduracın mövzu ilə bağlı məruzələri dinlənilib.

Sonda konfransın təşkilatçılarına mükafatlar təqdim edilib.

Qeyd edək ki, konfrans Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyənin Səlcuq Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində davamlı keçirilir. Muzeydə ilk dəfə 2012-ci ildə "Türk sənətləri tarixi, folkloru" mövzusunda IV Beynəlxalq konfrans baş tutmuşdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: