Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.04.2017 14:53
  • A-
  • A
  • A+

AzScienceNet ilə AzEduNet şəbəkələri arasında əməkdaşlıq əlaqələri qurulur

AzScienceNet ilə AzEduNet şəbəkələri arasında əməkdaşlıq əlaqələri qurulur

AMEA İnformasiya Texnologiyaları İnstitutunda AR Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Orxan Abbasov, Azərbaycan Təhsil Şəbəkəsinin (AzEduNet) direktoru Natiq Yəhyayev, icraçı direktoru Renat Vitkalov və texnoloji direktoru Denis Rotkin ilə görüş keçirildi.

Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, bu müəssisənin texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar MusayevAzScienceNet şəbəkəsinin administratoru Məmməd Rəşidov və digər əməkdaşlar iştirak edirdilər.

Əsas məqsəd institutun AzScienceNet elm-kompüter şəbəkəsi ilə AzEduNet arasında əməkdaşlıq perspektivləri, həmçinin elm və təhsilin inteqrasiyasına dair fikir mübadiləsi aparmaq idi.

Öncə akademik R.Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərən AzScienceNet haqqında məlumat verərək şəbəkənin Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etdiyini dedi.  

İnstitut direktoru bildirdi ki, AMEA-nın elmi qurumlarında idarəetmə və aparılan elmi-tədqiqat işlərinin səmərəliyinin yüksəldilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üçün elmi fəaliyyətin İKT-nin tətbiqi ilə yenidən qurulması aktual məsələlərdəndir. Bu baxımdan, AMEA-nın institut və təşkilatlarının İnternet xidmətləri ilə dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirən AzScienceNet böyük əhəmiyyətə malikdir.

R.Əliquliyevin sözlərinə görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın tədbirlər planında da AzScienceNet-in imkanlarının genişləndirilməsi məsələləri öz əksini tapmışdır.

Ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet-in böyük imkanlara malik olduğunu bildirən alim AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.

Alim AzScienceNet-in beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq qeyd etdi ki, bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutu Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktura – GEANT layihəsinə qoşulmuşdur. AzScienceNet ölkəmizi GEANT Assosiasiyasında, həmçinin onun layihələrində təmsil edərək 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Orxan Abbasov Azərbaycan Təhsil Şəbəkəsi haqqında məlumat verdi. Bildirdi ki, AzEduNet ölkənin orta ümumtəhsil məktəbləri və peşə məktəblərinin bu şəbəkəyə qoşulmasını və şəbəkənin təqdim etdiyi xidmətlərdən istifadəsini nəzərdə tutur. AzEduNet-ə qoşulmuş müəssisələr arasında Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, Bakı, Sumqayıt, Gəncə, Şəmkir və digər şəhərlərdə yerləşən orta məktəblər və digər təhsil qurumları vardır.  

O.Abbasov AzScienceNet ilə AzEduNet şəbəkələri arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafını yüksək qiymətləndirərək bu prosesdə Təhsil Nazirliyi tərəfindən lazımi dəstəyin göstəriləcəyini dedi.

Sonra qonaqlar institutun Tədris-İnnovasiya Mərkəzində oldular. Rəşid Ələkbərov onlara Mərkəzin fəaliyyəti haqqında məlumat verərək, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin burada həyata keçirildiyini qeyd etdi.

Daha sonra qonaqlar AzScienceNet-in Verilənlərin Emalı Mərkəzi ilə tanış oldular. R.Ələkbərov şəbəkənin idarəetmə strukturunu təqdim edərək bildirdi ki, Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hosting, Eduroam, IP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.

O, AzScienceNet-in İnternetə çıxış sürətinin illər üzrə inkişaf dinamikasını təqdim etdi, şəbəkənin İnternetə qoşulma sürətinin 1,41 Gbit/s, hesablama gücünün 17 Tflops, xarici yaddaşının həcminin isə 400 Tbayt-a bərabər olduğunu diqqətə çatdırdı.

Bundan əlavə qonaqlara “İnformasiya texnologiyaları” nəşriyyatının fəaliyyəti, əsasən Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə də məlumat verildi.

Sonda qeyd olundu ki, AzEduNet ilə AzScienceNet şəbəkələrinin inteqrasiyası təmin olunduqdan sonra AR Təhsil Nazirliyinin, ali məktəblər və digər təhsil qurumlarının alim və mütəxəssisləri, doktorant və dissertanlarının AzScienceNet-in Wi-Fi, Eduroam, Cloud Computing, Hostinq kimi xidmətlərindən istifadəsinə imkan yaranacaq.

Görüşdə, həmçinin iki şəbəkə arasında birgə seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində  müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: