Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.04.2017 13:05
  • A-
  • A
  • A+

Ərzaq və kənd təsərrüfatı biomüxtəlifliyinin vəziyyətinə dair milli hesabat ölkədə strateji planlaşdırmanın əsası olacaq

Ərzaq və kənd təsərrüfatı biomüxtəlifliyinin vəziyyətinə dair milli hesabat ölkədə strateji planlaşdırmanın əsası olacaq

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində Ərzaq və kənd təsərrüfatı biomüxtəlifliyinin vəziyyətinə dair milli hesabatın hazırlanması üzrə Komissiyanın toplantısı keçirilib.

Tədbirdə AMEA, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.

Toplantını milli əlaqələndirici, komissiyanın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açaraq hesabatın hazırlanması ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, hesabat ərzaq təhlükəsizliyinin təmin olunması və ətraf mühitin mühafizəsində mühüm rol oynayan kənd təsərrüfatı, meşə, heyvan, mikroorqanizm və s. biomüxtəlifliyinin mövcud vəziyyətini, mühafizəsi və səmərəli istifadəsinin elmi, mədəni, sosial-iqtisadi əsaslarını əhatə etməlidir.

Z.Əkpərov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən Ərzaq və kənd təsərrüfatı biomüxtəlifliyinin vəziyyətinə dair I Dünya Hesabatının hazırlanmasında Azərbaycanın da iştirakının əhəmiyyətini qeyd edib.

Tədbirdə iqlim dəyişmələri və digər amillərin biomüxtəlifliyə, onun komponentlərinə təsiri, ölkədə mövcud təsərrüfat sistemləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Komissiya üzvləri nazirlik və baş idarələrdə, elmi tədqiqat institutlarında bu günə qədər toplanmış müxtəlif statistik məlumatların, tədqiqat nəticələrinin vahid mərkəzdə toplanılması və ciddi təhlillərin aparılması barədə razılığa gəliblər.

Hesabatın gələcəkdə ölkənin strateji planlaşdırılmasında mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Sonda komissiyanın işinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mütəxəssislərinin də cəlb olunması tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: