Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

24.04.2017 09:18
  • A-
  • A
  • A+

İmişlidə antik dövrə aid yaşayış yeri və nekropol aşkarlanıb

İmişlidə antik dövrə aid yaşayış yeri və nekropol aşkarlanıb

İmişli rayonunun Qızılkənd kəndində gümüş sikkələrdən ibarət dəfinə aşkarlanıb. Dəfinə barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verən rayon sakini Məmmədağa Rüstəmov sikkələrdən birinin təsvirini bu elm müəssisəsinin elektron ünvanına göndərib. Sikkənin fotosuna baxış zamanı onun avers (üz) tərəfindəki təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyənləşib. Qızılkənd kənd sakini Etiram Həsənovun tapdığı doqquz ədəd sikkə institutun İmişli rayonuna ezam olunan əməkdaşlarına təhvil verilib. Dəfinənin aşkarlandığı yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yeri və nekropolun olduğunu müəyyənləşdiriblər.

Bildirilib ki, hazırda dəfinə institutun numizmatika şöbəsində tədqiq edilir. Yaxın vaxtlarda dəfinənin aşkarlandığı ərazidə arxeoloji tədqiqat işlərinə başlanılacaq.

Ölkəmizdə antik dövrə aid sikkə dəfinələri bundan əvvəl 1958-ci ildə Şamaxıda (Xınıslı kəndi), 1966-cı ildə Qəbələdə və 1972-ci ildə Ağsu rayonu (Nüydi kəndi) ərazisində aşkarlanıb. Bunlardan fərqli olaraq, İmişlidə tapılan dəfinə Makedoniyalı İskəndərin gümüş draxmalarından ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: