Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.04.2017 09:51
  • A-
  • A
  • A+

İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Azərbaycanda innovasiya potensialı” mövzusuna və “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov milli iqtisadiyyat üzrə strateji yol xəritələrində Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramlarının hazırlanmasının aktual məsələ kimi ortaya qoyulduğunu qeyd edib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev cari ilin aprelin 17-də qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelə keçməklə bundan sonra ölkə iqtisadiyyatının islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcəyini bir daha bəyan edib. Ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır.

R.Həsənov qeyd edib ki, cari ilin fevralın 10-da ölkə başçısı tərəfindən imzalanmış Fərmana əsasən, keyfiyyət infrastrukturu və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilərək metrologiya, standartlaşdırma və akkreditasiya sahələrinə xidmət göstərəcək qurumlarla bərabər Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxs təsis edilib. Yeni yaradılmış mərkəzdə Texnologiyaların transferi və kommersiyalaşdırılması departamenti təsis edilib.

Sonra çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından danışıb. Bildirib ki, müasir dövrdə elmi-tədqiqat təşkilatlarının və institutların göstərdikləri fəaliyyətin nəticələrini öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnoz etmək tələb olunur. “Bu xüsusiyyət ixtiraçılar üçün ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın”, – deyə Akif Əlizadə bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə etməklə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə və ən əsası vətəndaş məmnunluğuna nail olmağa imkan verdi. O, hazırda 11 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, mərkəzlərdə vətəndaşlara 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən ümumilikdə 230-dan çox xidmət göstərildiyini diqqətə çatdırıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev vurğulayıb ki, innovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya texnologiyaları inkişafı Dövlət Fondu fəaliyyət göstərir. Fond tərəfindən innovativ layihələrə 3 istiqamətdə dövlət dəstəyi həyata keçirilir.

Əli Abdullayev diqqətə çatdırıb ki, nazirlik innovasiya sahəsində beynəlxalq səviyyədə aktiv əməkdaşlıq aparır, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində rəqəmli bazarların uyğunlaşdırılması təşəbbüsü ilə iştirak edir. Həmin proqram çərçivəsində Azərbaycan informasiya-kommunikasiya texnologiyaları tədqiqat və innovasiya infrastrukturu üzrə əlaqələndirici ölkə seçilib.

Konfransda, həmçinin Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru Günel Sevdimalıyeva çıxış ediblər.

Sonra İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti təqdim edilib. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib.

Müsabiqənin nəticələrinə əsasən, “Yüksək dispersli metal tozunun alınma üsulu”, “Fotohəssas material, “Tomsonit tipli seolitin alınma üsulu” ixtiraları həvəsləndirici mükafata, “Dəniz suyunun şirinləşdirilməsi üsulu”, “Quyu süzgəci”, “Yarımkeçirici materialın nazik təbəqəsi üzərində nanoölçülü elementlərin formalaşdırılması üsulu”, “Təbii neft turşularının poliamidi yol bitumuna çoxfunksiyalı aşqar kimi” ixtiraları III yerə, “Teplovoz və sənaye dizelləri üçün motor yağı”, “Fenilasetileninstirola selektiv hidrogenləşmə üsulu”, “Ürək-damar sisteminin və nəfəs yollarının fəaliyyətinin monitorinq üsulu” ixtiraları II yerə, “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu və qurğusu” ixtirası isə I yerə layiq görülərək “İlin patenti” elan edilib.

Qaliblər diplom və mükafatlarla təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: