Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2014 00:00
  • A-
  • A
  • A+

Xocalı faciəsinin acı fəğanlarını unutmadıq, unutmayacağıq!

Xocalı faciəsinin acı fəğanlarını unutmadıq, unutmayacağıq!
1992-ci il fevralın 25-dən 26-na keçən gecə... Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən bir oldu. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayacaqdır!

Bu gün AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda bu günün xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Öncə Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Giriş nitqilə çıxış edən institutun direktoru, filologiya üzrə elmlər doktoru Gövhər Baxşəliyeva Azərbaycanın şərəfli tarixindən, faciəvi səhifələrindən bəhs etdi. Bildirdi ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən və hər zaman terrorla müşahidə edilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. O bu mərhələyə daxil olan 1905, 1943-48, 1918-20-ci illərdə baş vermiş terror faktlarının tarixi xronikasını diqqətə çatdırdı.

G.Baxşəliyeva: “Xocalı faciəsi tarixi taleyimizdə baş vermiş çoxsaylı fəlakətlərdən biri oldu. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırımın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. .

Tədbirdə institut əməkdaşlarından iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, hüquq üzrə fəlsəfə doktoru Sultanəli Mirzəzadə, tarix üzrə elmlər doktoru Şahin Mustafayev, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: