AMEA Gəncə Bölməsində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Fuad Əliyev XX əsrin ən böyük faciəsi olan Xocalı qırğınının təkcə Azərbaycan xalqı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırım olduğunu bildirib. Bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlərdən danışan F.Əliyev bildirib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi tədbirlər və xidmətlər xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə son illər bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımının tanınması ilə bağlı tədbirlər və “Xocalıya ədalət!” kampaniyası keçirilir. Çıxışının sonunda F.Əliyev bölmənin tarixçi alimlərinə Xocalı faciəsi ilə bağlı monoqrafiyanın hazırlanması üzrə tapşırıqlarını verdi.
Tədbirdə çıxış edən bölmənin akademik-katibinin müavini, t.ü.f.d. Samir Pişnamazzadə, Nizami Gəncəvi Mərkəzinin direktoru Xəlil Yusifli, Gənc alim və mütəxəssislər şurasının sədr müavini Elnur Həsənov, bölmənin şöbə müdiriİmran Qasımov və başqaları 22 il əvvəl baş verən və kifayət qədər ciddi faktların mövcud olduğu Xocalı soyqırımının tanıdılmasının hüquqi aspeklərindən danışıblar.
Sonda erməni vandalizmi və terrorundan bəhs edən sənədli film nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.