Mayın 2-də AMEA Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru Fatma Abdullazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA-nın həqiqi və müxbir üzvləri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə öncə gündəlikdə duran məsələlər barədə məlumat verib. Qeyd edib ki, tədbir çərçivəsində AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.
A.Əlizadə bildirib ki, AMEA-nın həqiqi üzvləri Akademiyanın Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdrən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.
AMEA-nın müxbir üzvləri isə Akademiyanın Nizamnaməsinin 5.3-cü bəndinə əsasən elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Sonra alim bugünkü seçkilərdə AMEA-nın 54 həqiqi üzvündən hər birinin və 95 müxbir üzvündən 94-nün iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 2016-cı ildə AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlər elan edilmişdir. Həqiqi üzvlük üçün 29 namizəd, müxbir üzvlük üçün isə 143 namizəd sənədlərini təqdim etmişdir. Bütövlükdə AMEA-nın elmi müəssisə və təşkilatlarından olan namizədlərin sayı 91, universitet ve digər müəssisələrdən olan namizədlərin sayı isə 81-dir.
A.Əlizadə AMEA-nın vitse-prezidenti və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə də seçkilərin keçiriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, hazırda AMEA-nın vitse-prezidenti vəzifəsini akademik Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini isə AMEA-nın müxbir üzvü Nazim Məmmədov icra edirlər.
AMEA rəhbəri seçki qaydaları haqqında da məlumat verərək bildirib ki, seçkilər hüquqi və texniki baxımdan müasir tələblərə uyğun, obyektiv və şəffaf şəkildə aparılacaq.
Sonra akademiyanın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə səsvermə aparılıb.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elmi bölmələr üzrə aparılmış səsvermənin nəticələrini açıqlayıb.
Daha sonra akademik Xoşbəxt Yusifzadənin sədrliyi ilə Hesablayıcı Seçki Komissiyası yaradılıb. Səsvermə nəticəsində akademiyaya 16 həqiqi və 25 müxbir üzv seçilib.
Digər səsvermənin nəticələrinə görə isə akademik Dilqəm Tağıyev AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.