Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2014 00:00
  • A-
  • A
  • A+

Xocalı faciəsinin qurbanları anılıb

Xocalı faciəsinin qurbanları anılıb

24 fevral 2014-cü il tarixdə AMEA-nın Əsas binasında AMEA Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə erməni vəhşiliyinin qurbanı olmuş Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan AHİ-nin sədri, tarix üzrə fəlsəfə doktoru Adil Mirabdullayev Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülmüş işlərdən danışıb, bu faciənin hələ də öz lazımi qiymətini almadığını söyləyib. Qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl işlər məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. O, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli işlər görüldüyünü, xarici dillərdə kitab və sənədlərin dərc olunduğunu diqqətə çatdırıb. Müxtəlif təşkilatların genosidlə bağlı genişmiqyaslı təbliğat kampaniyası apardığını, bununla bağlı bir çox İnternet saytlarının yaradıldığını bildirib.

Sonra Xocalı soyqırımı haqqında film nümayiş olunub.

“Xocalı soyqırımı əsrin faciəsidir” mövzusunda məruzə ilə çıxış edən AMEA AHİ-nin Rəyasət Heyətinin üzvü, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş, bütün bunlar isə ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur: “Xocalı soyqırımı zamanı 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-sinin taleyi indi də məlum deyil”.

Tədbirdə, həmçinin AHİ Rəyasət Heyətinin üzvləri - AMEA İnformasiya Texnologiyaları İnstitutunun HİK-nın sədri Səyyar Abdullayev və AMEA Kimya Problemləri İnstitutunun HİK-nın sədri, kimya elmləri doktoru Arif Əfəndi, AMEAMilli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nəzmiyyə Yigitoğlu, AMEAMərkəzi Elmi Kitabxanasının əməkdaşı Günay AllahverdiyevaƏdəbiyyat İnstitutunun əməkdaşı Eşqanə Babayeva və başqaları çıxış edərək bu faciənin XX əsrin ən dəhşətli və qəddar hadisələrindən biri olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: