AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi-texniki proqramların, layihə və konfransların, müsabiqələrin həyata keçirilməsi müzakirə olunub. Bildirilib ki, əməkdaşlıqda məqsəd təşkilatlararası ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir. AMEA YTP və BMU innovasiyayönümlü layihələrin birgə araşdırılması, iqtisadi səmərəliliyin qiymətləndirilməsi və həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsini planlaşdırır. Əməkdaşlıq AMEA YTP və BMU Texnoparkın dəstəyi ilə innovasiya xarakterli elmi nailiyyətlərin kommersiyalaşdırılmasına yeni imkanlar açacaq.
Əməkdaşlığa dair sənədi AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və BMU-nun rektoru, professor Havar Məmmədov imzalayıblar. Məqsəd elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, gənclərə elmi-innovativ ideyalarını reallaşdırmaq üçün elmi və iqtisadi dəstəyin verilməsidir.
AMEA Yüksək Texnologiyalar Parkı və Bakı Mühəndislik Universiteti Texnoparkı arasında imzalanan digər müqavilə “Yeni fikir 2017 müsabiqəsi” ilə bağlıdır. Müqavilədə AMEA YTP-nin müsabiqənin keçirilməsinə təşkilati və maddi dəstəyinin göstərilməsi, həmçinin sahələrarası əməkdaşlığı inkişaf etdirən digər müsabiqələrin təsis edilməsi nəzərdə tutulub. Sənədə əsasən AMEA YTP müsabiqənin baş sponsoru kimi qaliblərin mükafatlandırılması üçün nəzərdə tutulan 10000 manat pul mükafatını təmin edəcək, müsabiqədə iştirak edən uğurlu layihələrə inkubasiya və digər əməkdaşlıq xidmətləri göstərəcək.
Qeyd edək ki, “Yeni fikir 2017 müsabiqəsi” Bakı Mühəndislik Universiteti Texnoparkının təşkil etdiyi ən böyük startap müsabiqəsi platformasıdır. Layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Gənclər arasında keçirilən müsabiqədə 150-yə yaxın layihə qeydiyyatdan keçib. Hazırda münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi prosesi davam edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.