Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fizika İnstitutunun direktoru: “Kristalloqrafiya sahəsində tədqiqatlar genişləndirilməlidir”

AMEA Fizika İnstitutunun direktoru: “Kristalloqrafiya sahəsində tədqiqatlar genişləndirilməlidir”

BMT 2014-cü ili Beynəlxalq Kristalloqrafiya ili elan edib

Kristalloqrafiya – kristallar, onların strukturu, yaranması və xüsusiyyətləri haqqında elmdir. Bu elm sahəsi minerologiya, bərk cisimlər fizikası və kimya ilə sıx əlaqəlidir.

BMT-nin Baş Assambleyasının qətnaməsində kristalloqrafiya elminin öyrənilməsi və onun imkanlarından istifadənin ekoloji problemlər və xəstəliklərlə mübarizədə mühüm rol oynadığı qeyd olunub. Bu elm sahəsi zülal və kiçik molekulyar birləşmələrin strukturu haqqında məlumat əldə etməyə imkan verir ki, bu da öz növbəsində, tibb və sağlamlıq, həmçinin bitki və torpaq çirklənməsi problemlərinin həllində böyük əhəmiyyət kəsb edən dərman preparatlarının hazırlanmasına rəvac verir. Bu elmin imkanlarından nano və biotexnologiya sahələrində geniş istifadə olunur. Kristalloqrafiya diş məcunundan tutmuş təyyarələrin komponentlərinədək bütün yeni materialların hazırlanmasının əsasını təşkil edir.

Nobel mükafatı düz 23 dəfə bu sahədəki tədqiqatlara görə verilib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dünya ictimaiyyətinin diqqətini bu elm sahəsinin gündəlik həyatımızdakı roluna cəlb etmək və rentgen şüalarının kristallarda difraksiyasının kəşfinə görə Vilyam Henri, Vilyam Lavrens Brag və Maks von Lauenin fizika üzrə Nobel mükafatına layiq görülmələrinin yüzilliyi münasibətilə 2014-cü ili Beynəlxalq Kristalloqrafiya ili elan edib.

AMEA Rəyasət Heyətinin bugünkü iclasında təqdim olunmuş “Kristalloqrafiya: dünəni, bu günü və sabahı” elmi məruzə də bu sahənin gələcək inkişaf perspektivlərinə həsr olunub. Məruzənin həmmüəllifləri AMEA Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov və “İnnovasiya” sektorunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru İmaməddin Əmiraslanovdur.

Tədbirdə çıxış edən Fizika İnstitutunun direktoru N.Məmmədov kristalloqrafiya sahəsində tədqiqatların genişləndirilməsinin əhəmiyyətindən söhbət açdı. O, bu sahədə gənc alimlərin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunmasının vacibliyini qeyd etdi.

Məruzə ilə çıxış edən İ.Əmiraslanov kristalloqrafiya elmində yüz il ərzində əldə edilmiş bir çox nailiyyətlər haqqında məlumat verdi: “230 kristalloqrafik fəza qruplarının, x-şüalarının, x-şüalarının kristallarda difraksiyasının, DNT molekulunun quruluşunun, kvazikristalların kəşfi, coxsaylı quruluş analizi metodlarının işlənməsi, toz kristalların difraksiyası analizi, qrafen və nanoboruların kəşfi bu sahədə böyük kəşflərdəndir”.

Azərbaycanda kristalloqrafiyanın elm sahəsi kimi inkişafına keçən əsrin ortalarında Aslan Vəzirzadə və Xudu Məmmədov kimi alimlərimizin elmi-pedoqoji və təşkilati fəaliyyəti ilə başlanılmışdır. Bu gün respublikamızda əsasən həmin alimlərin yetirmələri olan onlarla kristalloqraf çalışır. Rentgen faza və quruluş analizi sahəsində araşdırma aparan qruplar AMEA Fizika, Geologiya, Neft və Kimya Prosesləri institutlarında, Bakı Dövlət Universiteti, Neft Akademiyası və digər müəssisələrdə çalışırlar.

İ.Əmiraslanov Azərbaycan da daxil olmaqla türk xalqlarının tətbiqi sənətinin min illər boyunca yaratdığı formaların da əsasən kristalloqrafik prinsiplərə tabe olduğunu qeyd etdi. O, bu prinsiplərin ilk dəfə Xudu Məmmədovun “Qoşa Qanad”, “Naxışların yaddaşı” kitablarında və çoxsaylı məqalələrində göstərildiyini bildirdi: “Milli mədəniyyətimizin öyrənilməsi baxımından son dərəcə əhəmiyyətli olan bu kəşf xalqımızın hələ İslamdan min illər əvvəl başlamış və bu gün də davam edən özünəməxsus sənət prinsiplərinin və sənət yolunun olduğunu çoxsaylı faktlarla sübuta yetirmişdir. Məsələn, 2011-ci ilin kimya uzrə Nobel mükafatının mövzusu olan kvazikristallar XX əsrin sonlarında kəşf edilməsinə baxmayaraq, sənətdə eyni “kəşf” 800 il əvvəl baş verib. Eyni prinsipli və bu günə qədər rast gəlinən ən qədim dekorasiya hələ 1197-ci ildə Azərbaycanın Marağa şəhərindəki səkkizüzlü Qunbadi-Kabud məqbərəsinin divarlarını bəzəməkdədir”.

Məruzəçi AMEA Fizika İnstitutunun “İnnovasiya” sektorunda kristalloqrafiya ilə paralel olaraq türk xalqlarının tətbiqi sənət yolunun araşdırılması və dünya xalqlarının sənət prinsipləri ilə müqayisəsinin, “Kristalloqrafiyanın inkişaf mərhələləri və müasir problemləri”, “Turk xalqlarının tətbiqi sənət yaradıcılığında kristalloqrafik prinsiplər”, “Kristallar və Nanoart” mövzularında tədqiqat işlərinin aparıldığını bildirib. O, “Azerbaijani Tessellations”, “Nanoart”, “Maze like calligraphy” silsiləli ornamentlərin yaradıldığını və “Azerbaijani Tessellations” silsiləli eskizlər əsasında yeni çeşnili xalçaların toxunmasının nəzərdə tutulduğunu qeyd etdi.

İ.Əmiraslanov milli mədəniyyətimizin təbliği və daha dərindən dərk olunması üçün Azərbaycanda mahiyyətcə yeni ola biləcək, kökləri isə çox qədimlərə gedən həndəsi naxış yaradıcılığına (fonsuz və ya kristalloqrafik naxış yaradıcılığı) həsr olunmuş innovativ tədqiqatların aparılmasının əhəmiyyətindən danışdı.

AMEA Rəyasət Heyəti “İnnovasiya” sektorunda kristalloqrafiya sahəsində aparılmış tədqiqatların tətbiqi nəticələrini müsbət dəyərləndirərək, kristalloqrafiya sahəsində tədqiqatların genişləndirilməsi məqsədilə gənc alimlərin tanınmış elmi mərkəzlərə ezam olunması üçün təkliflərin hazırlanmasına dair qərar qəbul etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: