AMEA Botanika İnstitutunda təcrübə keçmiş Zəngi liseyinin yuxarı sinif şagirdləri Nəzrin Həşimli və Nilufər Məmmədli 13-14 fevral tarixlərində Bakı şəhərində təşkil edilən“Sabahın alimləri” III Respublika müsabiqəsində qızıl medala layiq görüldülər.
Şagirdlərin müsabiqəyə təqdim etdikləri elmi iş ekologiya nominasiyası üzrə “Ekoloji təmiz məhsullar sağlamlığımızın etibarlı mənbəyidir” mövzusuna həsr edilmişdir.
Mövzunun mütəxəssis rəhbəri institutun Bitki ehtiyatları şöbəsinin baş elmi işçisi, biologiya elmləri doktoru Mayis Qasımovdur. N.Həşimli və N.Məmmədli elmi mövzu ilə əlaqəli tədqiqatlarını bu sahədə yetərincə təcrübəli mütəxəssis sayılan M.Qasımovla birlikdə institutun bazasında aparmış, təcrübə zamanı bitki mənşəli boyaq maddələrinin alınma texnologiyalarını, təbii boyaq maddələrinin həm texniki, həm də qida sənayesində tətbiqi metodlarını mənimsəmişlər.
Müsabiqə zamanı şagirdlər təbii boyaq maddələrini süni boyaq maddələri ilə müqayisədə təqdim etmişlər. Təbii boyaq maddələrindən hazırlanmış qida və sənaye əhəmiyyətli məhsullar münsiflərin böyük marağına səbəb olmuşdur və qalib layihələr arasında ən yüksək göstərici də məhz Zəngi liseyi şagirdlərinin payına düşmüşdür.
Botanika İnstitutunun direktoru professor Validə Əli-zadə müsabiqənin qalibləri Nəzrin Həşimli və Nilufər Məmmədli, onların elmi rəhbəri, b.e.n Gülnarə Səfərova və şagirdlərin nailiyyət qazanmasında əvəzsiz rolu olmuş b.e.d. Mayis Qasımovla görüşmüş, onları bu qələbə münasibəti ilə təbrik etmişdir.
V.Əli-zadə şagirdlərdə biologiya elminə marağın artırılması istiqamətində belə təcrübə mübadilələrinin əhəmiyyətini vurğulamışdı. Qeyd etmişdir ki, bu ənənənin gələcək illərdə də davam etdirilməsi AMEA Botanika İnstitutunun qarşıya qoyduğu məqsədlərdəndir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.