Vanderbilt Universitetinin (ABŞ) tədqiqatçılar qrupu suyun temperaturu 32 dərəcə Selsidən aşağı olduqda suda həll oluna bilən çipin prototipini hazırlayıblar. Çip daşına bilən elektronikada öz tətbiqini tapacaq. Bu məsələyə həsr edilmiş məqalə “ACS Applied Materials and Interfaces” jurnalında dərc olunub.
hitech.newsru.com saytının məlumatına görə, yeni materialın əsasında aşağı kritik temperaturla həll olunan polimer dayanır. Keçirici komponentlərin də həll oluna bilməsi üçün tədqiqatçılar onları bütöv metaldan deyil, gümüş nanoliflərin toxumalarından istehsal ediblər.
İstehsalçıların sözlərinə görə, onların yaratdığı material biouyğunluğa malikdir. O, tibbi məqsədlərlə və implantasiya edilən elektronikada istifadə oluna bilər. Məsələn, onun köməyi ilə çipin daşıyıcısı haqqında şəxsi məlumatların yazılacağı RFID-nişanı yaratmaq olar. Belə məlumat daşıyıcısı normal şəraitdə işləyəcək, sahibi vəfat etdikdə isə həll olacaq. Dərialtı nişanı, həmçinin bədənə buz qoymaqla məhv etmək mümkün olacaq.
Qeyd edək ki, özü məhv olan çiplərin yaradılması üzərində indiyədək bir çox alim işləyib. Belə ki, ilk dəfə 2015-ci ilin mayında İllinoys Universitetinin tədqiqatçıları istiliyin təsiri altında avtomatik məhv olan mikrosxem yaratmışdılar.