İyulun 6-da AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib.
Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.
Əvvəlcə akademik Əhliman Əmiraslanov Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Eldar Novruzovun 75 illik, Zoologiya İnstitutunun Teriologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qiyas Quliyevin 70 illik və Fiziologiya İnstitutunun Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Fəxrəddin Əskərovun 80 illik yubileyləri münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanını təqdim edib və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Büro iclasının gündəliyini iştirakçıların diqqətinə çatdıran akademik Əhliman Əmiraslanov ilk olaraq elmi-təşkilati məsələlərə toxunub. AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2017-ci ilin I yarımilliyində elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair məruzə ilə çıxış edən akademik elmi-tədqiqat müəssisələrinin hesabatlarının qəbul olunduğunu bildirib. Elmi müəssisələrdə həyata keçirilən layihələrdən danışan akademik bölmə üzrə qrantların alınmasından, impakt faktorlu jurnallarda dərc olunan məqalələrdən, eləcə də institutlar üzrə aparılan tədqiqat işlərinin səviyyəsindən bəhs edib.
İclasın sonunda bir sıra kadr məsələlərindən də danışılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.