Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.07.2017 16:04
  • A-
  • A
  • A+

AMEA rəhbəri Özbəkistan Respublikasının nümayəndə heyətini qəbul edib

AMEA rəhbəri Özbəkistan Respublikasının nümayəndə heyətini qəbul edib

İyulun 11-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə Özbəkistan Müsəlmanları İdarəsinin sədri, mufti Usmonxon Alimov, Özbəkistan Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Məhəmməd Şakirov və Özbəkistan Müsəlmanları İdarəsinin şöbə rəisi Rüstəm Jalilov daxil idi.

Görüşdə AMEA-nın tarixi və keçdiyi inkişaf yolundan söhbət açan akademik Akif Əlizadə geologiya, fizika, kimya, informasiya texnologiyaları, paleontologiya, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan, palçıq vulkanları, neft və qaz yataqlarının öyrənilməsi sahəsində görülmüş işlərdən, habelə AMEA-nın dünyanın nüfuzlu elmi mərkəzləri ilə əməkdaşlığından danışıb. Qeyd edib ki, Akademiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir, multikulturalizm problemlərinə, eləcə də elm və din arasında qarşılıqlı əlaqələrə həsr olunmuş birgə beynəlxalq konfranslar təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətindən danışan akademik Akif Əlizadə son illər Akademiyada elmin kommersiyalaşdırılması məqsədilə müxtəlif innovasiya yönümlü layihələrin həyata keçirildiyini deyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkə rəhbərinin Sərəncamına əsasən 2017-ci ilin respublikada “İslam həmrəyliyi ili” elan olunduğunu bildirərək Azərbaycanda heç vaxt dini, milli ayrıseçkiliyin olmadığını vurğulayıb, bu sahədə mövcud olan vəziyyətin qorunub saxlanılmasına dair müvafiq dövlət strukturları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib.

Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əlaqələrin inkişafından danışan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iki ölkənin müvafiq təşkilatlarının əməkdaşlığının gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə AMEA rəhbərliyinə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Artukbek Yusupov səfərin Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə tanışlıq məqsədi daşıdığını qeyd edərək təcrübə və bilik mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Qonaq Özbəkistanda İslam Mədəniyyəti Mərkəzinin təşkilinin nəzərdə tutulduğunu bildirərək Azərbaycanın bu sahədəki təcrübəsinin onlara maraqlı olduğunu qeyd edib. Cari ilin oktyabr ayında İslam həmrəyliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin planlaşdırıldığını bildirən Artukbek Yusupov AMEA rəhbərliyini tədbirə dəvət edib.

Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və başqaları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: