AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Moskva Dövlət Universitetinin (MDU) Qeyri-üzvi kimya kafedrasının müdiri, professor Andrey Şevelkovun iştirakı ilə elmi seminar keçirilib.
Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev çıxış edərək rəhbərlik etdiyi müəssisə ilə MDU arasındakı mövcud əlaqələrdən danışıb. Qeyd edib ki, iki qurum arasında qeyri-üzvi sintez və materialşünaslıq sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi zəruridir.
Professor A.Şevelkovun qeyri-üzvi kimya sahəsində dünyaca tanınmış alimlərdən olduğunu söyləyən D.Tağıyev alimin əsərlərinə 1600-dən çox istinad olduğunu diqqətə çatdırıb.
Sonra A.Şevelkov “Dəmirin güclü elektron korrelyasiyalı birləşmələri: yeni dəmir dövrünə doğru” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.