Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.07.2026 08:02
  • A-
  • A
  • A+

AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşı elmmetriya üzrə sertifikasiya proqramında iştirak edib

AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşı elmmetriya üzrə sertifikasiya proqramında iştirak edib

AR ETN Molekulyar Biologiya İnstitutunun aparıcı elmi işçisi, AMEA Rəyasət Heyəti Aparatının vitse-prezidentləri xidmətinin baş mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva Serbiya Respublikasının Belqrad şəhərində keçirilən “Elmmetriya üzrə Sertifikasiya Proqramı”ında iştirak edib.

Tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Clarivate” şirkətinin birgə təşkilatçılığı ilə 20–24 iyul 2026-cı il tarixlərində baş tutub.

Beş gün davam edən proqramda Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında elmmetriya istiqaməti üzrə fəaliyyət göstərən 18 əməkdaş iştirak edib.

Proqram çərçivəsində iştirakçılara beynəlxalq elmi kommunikasiya, elmmetrik təhlil, elmi fəaliyyətin monitorinqi və müəssisələrin akademik göstəricilərinin qiymətləndirilməsi istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub.

Təlimlər zamanı “Web of Science”, “InCites”, “Journal Citation Reports”, “EndNote”, “ProQuest Central”, “Research Horizon Navigator” və “Research Assistant” platforma və alətlərinin elmi fəaliyyətin qiymətləndirilməsi və elmmetrik təhlillərin aparılması prosesində tətbiqi izah edilib. İştirakçılar hər bir mövzu üzrə praktiki tapşırıqlar yerinə yetirmək imkanı qazanıblar.

Proqramın sonunda iştirakçılara “Clarivate” şirkəti tərəfindən beynəlxalq sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: