AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Cənubi azərbaycanşünas alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin 85 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.
Tədbirdə institutun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək Əkrəm Rəhimlinin təcrübəli tədqiqatçı olduğunu bildirib və alimin şərqşünaslıq elmində yeri, Türkiyə iqtisadiyyatı və Cənubi Azərbaycan tarixi üzrə dəyərli araşdırmalarından danışıb.
Sessiyada institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Ə.Rəhimlinin həyatı və elmi fəaliyyətinə həsr olunan məruzə ilə çıxış edib. O, alimin 100-dən çox publisistik, elmi məqalənin, bir sıra kitabların müəllifi və tərtibatçısı olduğunu vurğulayıb.
Sonra Şərqşünaslıq İnstitutunun şöbə müdiri Dünyamalı Vəliyev, aparıcı elmi işçisi Sübhan Talıblı, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi İslam Qəribli, Esmira Şükürova, Tarix İnstitutunun şöbə müdiri Şahin Fərzəliyev, İranlı Mühacirlər Cəmiyyətinin sədri Rəhim Hüseynzadə, şair Tarıyel Ümid və digərləri çıxış edərək alimin elmi fəaliyyətindən və onunla bağlı xatirələrindən danışıblar.
Tədbir çərçivəsində alimin həyat və yaradıcılığına həsr edilən film nümayiş olunub, həmçinin kitablarından ibarət sərgi təşkil edilib.
Sonda Əkrəm Rəhimli çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.