Oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib.
Tədbirdə şuranın sədri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, şuranın katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və şuranın üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik İbrahim Quliyev iclasda AMEA Yüksək Texnologiyalar Parkına (“YT Park”) rezidentllik statusu əldə etmək üçün müraciət edən tərəflərlə bağlı məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb. Şuranın keçən iclasında dörd hüquqi şəxsə YT Park-ın rezidenti statusu verilməsini və az bir müddət ərzində daha üç qurumun rezidentliyə iddia etməsini müsbət hal kimi qiymətləndirib.
Tədbirdə çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iclasın gündəliyində duran əsas məsələnin rezidentlik almaq üçün müraciətlərin qiymətləndirilməsi olduğunu deyib. Bildirib ki, iclasda üç potensial rezident fəaliyyətləri barədə məlumat verəcəklər.
Daha sonra “Karfo Sənaye və Laboratoriya avadanlıqları” MMC-nin direktoru Loğman Nəsibov, “EPC Group” MMC-nin baş direktoru Mohammad Miabi və “DN TECHNOLOGİES” MMC-nin iqtisadi işlər üzrə direktor müavini Ceyhun Nabadov təmsil etdikləri qurumların fəaliyyətini əks etdirən təqdimatla çıxış ediblər.
Sonda çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və yekun qeydlər edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.