Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.10.2017 16:14
  • A-
  • A
  • A+

AMEA-da yeni molekulyar biotexnologiyaya dair elmi məruzə dinlənilib

AMEA-da yeni molekulyar biotexnologiyaya dair elmi məruzə dinlənilib

Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov “Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya” mövzusunda elmi məruzə ilə çıxış edib.  

Tərlan Məmmədov bildirib ki, vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili müasir dövrün ən mühüm problemlərindəndir. Qeyd edib ki, hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və s. vasitəsilə həyata keçirilir. Alim bildirib ki, son illər bitki ekspressiya sistemləri iqtisadi və təhlükəsizlik baxımından ən perspektivli olduğu üçün istehsalda daha çox istifadə edilir. Məruzəçi onu da əlavə edib ki, müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurəti yaranırdı. Professor T.Məmmədov bu məqsədlə daha mükəmməl texnologiyanın hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, ilk dəfə olaraq bu texnologiyadan istifadə etməklə malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub. Məruzəçi alınan nəticələrin patentləşdirildiyini və nüfuzlu “PLOS ONE” jurnalında çap olunduğunu deyib. Həmçinin vurğulayıb ki, bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır. Professor rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılmasının böyük iqtisadi səmərə verəcəyini də deyib. Onu da əlavə edib ki, insan və heyvanlar üçün qiymətli dərman preparatlarının bu yolla ölkə daxilində istehsalı ölkəmizin bu məhsulların idxaldan asılılığın azalmasına imkan yaradacaq.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən müzakirə olunub. Mövzu ətrafında akademiklər - Dilqəm Tağıyev, Əhliman Əmiraslanov, Nazim Məmmədov, İradə Hüseynova, AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək məruzəni müsbət qiymətləndirib, təkliflərini bildiriblər.

Sonda Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, Azərbaycanda rekombinant zülalların, o cümlədən vaksinlərin, terapevtik zülalların, təbii qida əlavələrinin və sənaye enzimlərinin sintezi üzrə tədqiqatların aparılması imkanları müzakirə olunduqdan sonra Rəyasət Heyətinə əsaslandırılmış arayış təqdim edilsin. Həmçinin, akademiyanın İşlər İdarəsi ilə birgə, müvafiq sahə mütəxəssislərini cəlb etməklə AMEA Yüksək Texnologiyalar Parkında rekombinant zülalların, qiymətli dərman preparatlarının istehsalının iqtisadi səmərəliliyi əsaslandırılmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: