AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar İdarəsinin növbəti seminarı keçirilib.
AMEA-nın Əsas binasında keçirilən seminarda akademiyanın elmi müəssisə və təşkilatlarının kadrlar şöbələrinin rəisləri iştirak edib.
Tədbirdə idarənin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev çıxış edərək yeni qəbul olunan "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid-Tarif İxtisas Sorğu kitabçası"na edilmiş əlavə və dəyişikliklərin AMEA-nın elmi müəssisə və təşkilatlarında icrası barədə məlumat verib. Bildirib ki, kitabça Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 30 avqust 2017-ci il tarixli qərarı ilə təsdiq edilib və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğunlaşdırılıb. R.Ağasiyev sözügedən sənədin işçilərin əmək funksiyalarının və əməyinin ödəniş dərəcələrinin müəyyən edilməsində, onların hüquq və vəzifələrini əks etdirən vəzifə təlimatlarının işlənilməsində, peşəkarlıq səviyyəsindən asılı olaraq onların işə qəbulu və vəzifədə irəli çəkilməsi və məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin bağlanılmasında əsas normativ hüquqi akt olduğunu söyləyib.
İdarə rəisi Vahid-Tarif İxtisas Sorğu kitabçasının Rəyasət Heyəti tərəfindən təsdiqləndiyini bildirib, gələcəkdə görüləcək işlərin buna uyğun aparılması barədə tapşırıqlarını verib.
Sonra elmi müəssisə və təşkilatlarda əməyin ödəniş dərəcələrinin kitabça ilə müəyyən edilmiş diapazona uyğun tətbiq edilməsi barədə Hüquq və Kadrlar İdarəsinin Kadrlar şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva çıxış edib. O, elm və elmi xidmət sahəsinə aid olan qulluqçuların rəhbərlər (struktur bölmə rəhbərləri), elmi işçilər və mütəxəssis vəzifələrinə uyğun ödəniş diapazonunda müəyyənləşdirildiyini söyləyib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.