Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.10.2017 13:30
  • A-
  • A
  • A+

Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə həsr olunan tədbir keçirilib

Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə həsr olunan tədbir keçirilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində” adlı beynəlxalq konfrans keçirilib.

Tədbir Hüquq və İnsan Haqları İnstitutu və “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

Konfransda Azərbaycanda akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, işğal olunmuş ərazilərin icra hakimiyyətlərinin əməkdaşları, hüquqşünas alimlər, əsir-girov götürülmüş, itkin düşmüş şəxslərin ailə üzvləri iştirak ediblər.

Tədbirdə institutun böyük elmi işçisi, ictimai birliyin sədri Esmira Orucova çıxış edərək Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirməsi nəticəsində 1 milyondan artıq həmyerlimizin hüquqlarının pozulduğunu deyib. E.Orucova 3868 nəfərin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşdüyünü, şahidlərin ifadələrinə əsasən, 873 nəfərin qarşı tərəfdə saxlandığını və gizlədildiyini bildirib.

O, layihənin əsas məqsədinin Ermənistan tərəfindən əsir-girovluqda saxlanılan soydaşlarımızın qaytarılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, əsir və girovluqdan azad edilmiş şəxslərin beynəlxalq səviyyədə hüquqlarının müdafiəsi, bu istiqamətdə genişmiqyaslı təbliğat işlərinin aparılması olduğunu vurğulayıb. Qeyd edib ki, layihə çərçivəsində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ictimai birlik tərəfindən bir çox səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərində təbliğat xarakterli görüşlər keçirilib.

Sonra institutun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə çıxış edərək Ermənistanın silahlı münaqişələr baş verən ərazilərdə insan həyatının müdafiəsini təmin edən Cenevrə Konvensiyasına qoşulduğunu, lakin buna baxmayaraq əsir götürdükləri hərbçilərimizə işgəncələr verdiklərini söyləyib. A.Mustafazadə, həmçinin müharibə ilə əlaqəsi olmayan dinc sakinlərin də girovluqda işgəncələrə, mənəvi, psixoloji təzyiqlərə məruz qaldığını, böyük bir qisminin hazırda əlil olduğunu diqqətə çatdırıb.

2014-cü ilin iyul ayında Kəlbəcərdə doğmalarının məzarını ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyünü xatırladan alim həmyerlilərimizin bu günə kimi işğal olunmuş Dağlıq Qarabağda hüquqları tapdanmış vəziyyətdə saxlandıqlarını bildirib.

Konfransda millət vəkilləri - Sevinc Fətəliyeva, Rövşən Rzayev, Fazil Mustafa, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Təsisatının sektor müdiri Müqalib Mahmudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Pərviz Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digərləri çıxış edərək tədbirin önəmindən, Ermənistanın xalqımıza qarşı soyqırımı, etnik təmizləmə siyasətindən, bu məsələdə beynəlxalq aləmin ölkəmizə qarşı apardığı ikili standartlardan danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: