Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.03.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan ərazisinin geodinamik şəraitini öyrənmək məqsədilə tədqiqatlar aparılır

Azərbaycan ərazisinin geodinamik şəraitini öyrənmək məqsədilə tədqiqatlar aparılır

AMEA Geologiya İnstitutunda Azərbaycan ərazisinin geodinamik şəraitini öyrənmək məqsədilə aparılan tədqiqatlar zamanı mühüm nəticələr əldə olunub. ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə birgə GPS (qlobal yertəyinetmə sistemi) texnologiyasının tətbiqi ilə aparılan tədqiqatlar 1998-ci ildən etibarən ABŞ Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilir. Tədqiqatlar “Ərəbistan-Avrasiya kolliziya zonasının kontinental deformasiyalarının interpretasiyası” layihəsi çərçivəsində həyata keçirilir.

Tədqiqatlar zamanı müasir deformasiya prosesləri və palçıq vulkanlarının aktivliyi arasındakı qarşılıqlı əlaqəyə baxılmış, horizontal deformasiya proseslərinin palçıq vulkanlarının püskürməsində təkanverici amil rolunu oynadığı qeyd edilmişdir. Azərbaycan ərazisində Yer səthinin GPS sürətləri əsasında gərginliklər hesablanmış, qanunauyğunluqlar müəyyənləşdirilmiş, seysmik və palçıq vulkanlarının aktivliyi ilə əlaqəsi öyrənilmişdir.

Bu haqda AMEA Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor Fəxrəddin Qədirovun və institutun aparıcı elmi işçisi Rafiq Səfərovunhəmmüəllifi olduqları “Azərbaycan ərazisinin GPS məlumatları əsasında müasir kinematikası və gərginlik analizi” elmi məruzəsində deyilir.

Fəxrəddin Qədirov bildirib ki, peyk vasitəsi ilə aparılan tədqiqatlar nəticəsində GPS şəbəkəsində horizontal hərəkətlərin paylanma qanunauyğunluqları öyrənilmiş və müasir geodinamik şərait haqqında yeni məlumatlar əldə edilmişdir: “Bu məlumatlar kolliziya zonasındakı deformasiya prosesləri, regional qırılmaların dinamikası, enerji toplanan yerlərin proqnozlaşdırılması və Yerin blok quruluşunun yeni modelinə aiddir. GPS məlumatları əsasında yer qabığının Azərbaycana aid hissəsində meydana gələn deformasiya sürətləri hesablanmış, qeyri-bircins paylanmanın olduğu göstərilmiş, sıxılma və gərilmə oxlarının istiqamətləri müəyyən edilmişdir”.

Məruzəçi sıxılma zonalarının Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə müşahidə olunduğunu söyləyib. O, gərilmə zonalarının isə Kiçik Qafqazda Gədəbəy (GEDA), Şuşa (SHOU) məntəqələri yaxınlığında və İran ərazisindəki DAMO və PIRM məntəqələri arasında olduğunu bildirib.

Sonra məruzə ilə bağlı suallar səsləndirilib, təklif və tövsiyələr irəli sürülüb.

AMEA Rəyasət Heyəti Geologiya İnstitutunun ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə birgə tədqiqatları müsbət dəyərləndirilib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə GPS monitorinqi ilə ərazinin kinematik və dinamik rejimininin öyrənilməsi məqsədi ilə birgə tədqiqat proqramının hazırlanmasına dair qərar qəbul edilib. AMEA Geologiya İnstitutunda gərginliyin dərinliyə görə paylanmasının öyrənilməsi və zəlzələ mexanizmlərindən hesablanması istiqamətində nəzəri tədqiqatlara xüsusi diqqətin ayrılması tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: