Noyabrın 3-də AMEA-nın Əsas binasında bu qurumun Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.
Akadmiyanın elmi müəssisə və təşkilatlarının veteran şuralarının sədrlərinin iştirak etdiyi iclası BVŞ-nin sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov açaraq veteranların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara güzəştlərin edilməsi və müavinətlərin ödənilməsi istiqamətində görülən işlərdən danışıb. O, institutlarda veteran şuralarının üzvlərinin yaş dərəcələrinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Akademiyada gənc kadrların sayını artırmağın önəminə toxunan sədr qeyd edib ki, veteranlar perspektivli gəncləri müəyyənləşdirməli, elmi istiqamət axtarışında olanlara yol göstərməli, onlara müvafiq məsləhətlər verməlidirlər.
Sonra BVŞ-nin sədr müavini Eldar Quliyev çıxış edərək 28 iyun 1994-cü ildə "Veteranlar Haqqında Azərbaycan Respublikasının Qanunu"nun qəbul edildiyini xatırladıb. Bildirib ki, sözügedən sənəd veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsinə, yaşayış sahəsi ilə təminatına, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinə, ictimai faydalı fəaliyyətdə iştirakına imkan verir.
E.Quliyev təmsil etdiyi qurumun özündə 38 veteran şurasını, o cümlədən 2 min veteranı birləşdirdiyini söyləyib. O, BVŞ üzvlərindən iki nəfərin Böyük Vətən Müharibəsi, 64 nəfərin isə Əfqanıstan və Qarabağ müharibəsi veteranı olduğunu diqqətə çatdırıb. E.Quliyev cari ildə də aztəminatlı veteranların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin görüldüyünü və ödənişlərin, həmçinin tibb müəssiələrinə göndərişlərin edildiyini bildirib.
Sonra Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək şura sədrlərini veteranlara yardım siyahılarını hazırlayan zaman diqqətli olmağa çağırıb. O, tezliklə 70 yaşdan yuxarı alimlər üçün "Elm xadimlərinə dəstək fondu"nun fəaliyyətə başlayacağını və toplanacaq gəlirlərin veteranların sosial vəziyyətinin yaxşılaşdırılmasına, mədəni tədbirlərdə iştirakına, həmçinin onların müxtəlif sanatorialara göndərilmələrinə xərclənəcəyini diqqətə çatdırıb.
Tədbirdə Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev çıxış edərək cəmiyyətin, o cümlədən alimlərin hər zaman veteranlara ehtiyacı olduğunu bildirib. Z.Fərzəliyev veteranları "Elm" qəzeti ilə əməkdaşlıq etməyə çağırıb. Qeyd edib ki, onlar qəzetdə "Veteran sözü" rubrikası adı altında öz həyat təcrübələrini gənclərlə bölüşə bilərlər.
Sonda iclasda bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.