Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

06.11.2017 09:57
  • A-
  • A
  • A+

“Duyğularımın rəngi” adlı sərginin açılışı olub

“Duyğularımın rəngi” adlı sərginin açılışı olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun və 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənclərin əl işlərindən ibarət sərginin açılışı olub.

3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Duyğularımın rəngi” adlı sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə keçirilib.

Sərginin açılış mərasimində çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı sağlamlıq imkanları məhdud gənclərə göstərilən diqqət və qayğı, onların cəmiyyətə inteqrasiyası üçün görülən işlərdən danışıb. O, sərgidə 28 yaradıcı gəncin 100-dən çox əsərinin nümayiş olunduğunu diqqətə çatdırıb.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə çıxış edərək son vaxtlar Yeni Ramanıdakı Peşə Reabilitasiya Mərkəzində fiziki imkanları məhdud olan gənclərin peşələrə yiyələnməsi ilə əlaqədar zəruri tədbirlərin görüldüyünü söyləyib. Direktor müavininin dediyinə görə, indiyədək 1300-ə yaxın gənc 15 müxtəlif peşə ixtisaslarına yiyələnib. Təkcə bu il 350 nəfər gəncə peşələrə yiyələnməsi barədə sertifikat verilib. Hazırda mərkəzdə 136 gənc müxtəlif sənət öyrənirlər. Nümayiş olunan sərginin iştirakçıları da məhz həmin mərkəzdə təhsil alan gənclərdir.

Mərasimdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Təhsil Nazirliyinin nümayəndəsi Cəmilə Tağıyeva və başqaları sağlamlıq imkanları məhdud yaradıcı gənclərə göstərilən qayğını, onların istedadlarının üzə çıxarılmasını təqdir ediblər. 

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova sağlamlıq imkanları məhdud gəncləri muzeyin elmi-ekspozisiyası ilə tanış edib, onları maraqlandıran sualları ətraflı cavablandırıb.

Sonda sərgi iştirakçılarına muzeyin rəhbərliyi və Bilik Fondu tərəfindən təşəkkürnamə və xüsusi hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Duyğularımın rəngi” adlı sərgidə yaradıcı gənclərin əl işlərinin məhsulu olan rəngkarlıq, təkəlduz, ağac üzərində oyma, xalçaçılıq, xovlu toxuma, tikiş və digər rəssamlıq janrlarında əsərlər nümayiş olunur. Sərgi noyabr ayının 10-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: