Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2017 10:15
  • A-
  • A
  • A+

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələr üzrə şuralarının hesabatları dinlənilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələr üzrə şuralarının hesabatları dinlənilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələr üzrə şuralarının cari ilin yekunlarına həsr olunan hesabatları dinlənilib.

Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında baş tutan tədbirdə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək iclasda İctimai, Biologiya və Tibb elmləri bölmələrinin, həmçinin AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şuralarının hesabat məruzələrinin dinləniləcəyini bildirib. Qeyd edib ki, ötən illərdə olduğu kimi cari ildə də bölmələrə daxil olan institutlar üzrə Gənc Alim və Mütəxəssislər Şuralarının elmi-ictimai fəaliyyətində mühüm işlər görülüb, mühüm nailiyyətlər əldə olunub.

Şura sədri AMEA Rəyasət Heyətinin müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, gənc mütəxəssislərin timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində ənənəvi və qeyri-ənənəvi layihələrin həyata keçirildiyini, Akademiyanın elmi-ictimai fəaliyyətində gənclərin rolunu vurğulayıb.

F.Salmanov daha sonra dekabr ayının 15-də keçiriləcək Azərbaycan Gənc Alimlərinin I Qurultayına hazırlıqla bağlı İdarə Heyətinin üzvlərinə məlumat verib.

Yığıncaqda GAMŞ-ın Biologiya və Tibb Elmləri Bölməsinin katibi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Mehvalıyeva, İctimai Elmlər Bölməsinin katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və Gəncə Bölməsinin katibi Elnur Həsənov hesabat məruzələri ilə çıxış ediblər. Bölmə katibləri il ərzində həm elmin təbliği, həm də həvəsləndirmə tədbirləri olaraq, marifləndirmə seminarları, məktəblilərin ekskursiyası, açıq qapı günləri, gənc mütəxəssislərin xarici ölkələrin aparıcı elmi müəssisələrində təcrübə keçmələri, eyni zamanda gənclərin əldə etdikləri nailiyyətlər haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, cari ildə gənclərin yerli və beynəlxalq konfranslarda iştirakı, monoqrafiya, məqalə-tezislərin sayı əvvəlki illərlə müqayisədə artıb.

Sonra şura üzvləri - Orxan Abbasov, Əfsun Sucayev, Eşqanə Babayeva, b.ü.f.d. Zenfira Kadimova, Fərid Seyfullayev, Aida Dadaşova və digərləri hesabatlarla bağlı irad və təkliflərini bildiriblər.

Sonda təqdim olunan hesabatlar GAMŞ tərəfindən qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: