Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.12.2017 11:24
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq səhifələrindəndir

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq səhifələrindəndir

Dekabrın 19-da AMEA-nın Əsas binasında bu qurumun İctimai Elmlər Bölməsi və A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Prezident Sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. O, Şərqdə ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunacağını diqqətə çatdırıb.

Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşasa da, qısa müddətdə həyata keçirdiyi əhəmiyyətli tədbirlər, dəyərli işlərlə tariximizdə böyük iz buraxdığını deyən AMEA-nın vitse-prezidenti Cümhuriyyətin yaranmasının xalqımızın milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdiyini, 71 illik fasilədən sonra Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyini, bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldığını qeyd edib. O, müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin qurulmasında və inkişafında, onun beynəlxalq aləmdə tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini, dahi rəhbərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.

Respublikamızın dövlət müstəqilliyinin tədqiqində AMEA-nın Tarix İnstitutunun gördüyü işlərdən danışan  akademik İ.Həbibbəyli bildirib ki, institutda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair elmi əsərlər yazılıb, dissertasiyalar müdafiə edilib, ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çapdan çıxıb. Bildirib ki, xalqımızın şərəfli tarixi dövrü barədə hazırlanan bu ensiklopediya AXC tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

Sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Şərqdə ilk demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, bütün təzyiqlərə sinə gərən xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etməsindən danışıb. O, yeni dövlətçilik fəlsəfəsində müstəqil qərarların qəbul edilməsinin dayandığını qeyd edərək, ölkəmizin regionda müstəqil siyasət yürütdüyünü diqqətə çatdırıb.

Akademik Y.Mahmudov bildirib ki, dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradılıb.

Tədbirdə digər çıxış edənlər mövcud olduğu iki ilə yaxın bir müddətdə AXC-nin fəalyyətinin bəzi məqamlarını diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: