Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.12.2017 13:18
  • A-
  • A
  • A+

Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı keçirilib.

Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Qurultay iştirakçıları, həmçinin görkəmli memar, akademik Mikayıl Useynovun abidəsi önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra iştirakçılar filarmoniyanın foyesində təşkil edilmiş "Azərbaycan memarlığı" sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açaraq ölkəmizdə bu sənət növünün keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarixi memarlıq abidələri bərpa edilir.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş bir sıra tanınmış memarlara mükafatlar təqdim olunub. Həmçinin “Akademik Mikayıl Hüseynov adına xatirə medalı” və “Ustad memar” sertifikatları da sahiblərinə verilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək dövlətimizin memarlığın inkişafına göstərdiyi dəstəkdən danışıb. Bildirib ki, bu dəstək sayəsində hazırda ölkəmizdə memarlıq intibah dövrünü yaşayır. Azərbaycanda yeni, müasir binaların tikintisi ilə bərabər, qədim memarlıq abidələrinin təmir və bərpası da diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyev hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanda gözəl memarlıq nümunələrinin yaradılmasına xüsusi diqqət ayırırdı. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu işi uğurla davam etdirirlər. Heydər Əliyev Fondu nəinki Azərbaycanda, xarici ölkələrdə də tarixi memarlıq abidələrinin bərpası işini həyata keçirib.

Qurultayda Azərbaycan Memarlar Ittifaqı İdarə Heyətinin 2012-2017-ci illər ərzində fəaliyyəti barədə hesabat və Təftiş Komissiyasının hesabatı dinlənilib. Həmçinin səsvermə yolu ilə növbəti 5 il müddətinə Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib.

Mərasimdə digər çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb, müasir Azərbaycan memarlığının inkişafından bəhs ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayında AMEA-nın prezidenti, akademik Akif Əlizadə də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: