Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası müşavirə keçirib

AMEA Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası müşavirə keçirib

28 mart 2014-cü il tarixdə AMEA prezidenti, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının(RETTƏŞ) sədri, akademik Akif Əlizadənin sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə AMEA bölmələrinin elmin istiqamətləri üzrə problem şuralarının sədrləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Akif Əlizadə Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə bir sıra uğurlu islahatların həyata keçirildiyini qeyd edib. Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı Azərbaycan elmi, alimləri qarşısında yeni vəzifələr qoymuşdur. Respublikada elmi-təşkilati fəaliyyətin əlaqələndirilməsi, elmin inkişafının təşkili və təmin edilməsi ilə bağlı işləri həyata keçirən Əlaqələndirmə Şurası və elmin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən problem şuraları bu vəzifələrin yerinə yetirilməsində aparıcı rol oynamalı, elmi potensialı səfərbər etməlidirlər.

Akademik A.Əlizadə AR Prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı AMEA-nın elmi tədqiqat müəssisələrində bir sıra işlərin həyata keçirildiyini, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirildiyini, tədqiqat mövzularının müasir elmi, texnoloji, iqtisadi, sosial və digər tələblərə uyğunlaşdırıldığını və zəruri innovasiya planlarının hazırlandığını qeyd edib.

Eyni zamanda problem şuralarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğunu bildirən akademik bu şuraların elmi prioritet istiqamətlərinə uyğunlaşdırılmasının məqsədəuyğunluğunu bildirib.

İclasda respublikanın digər elmi-tədqiqat və ali təhsil müəssisələri ilə AMEA-nın elmi müəssisələrinin birgə fəaliyyətinin daha da gücləndirilməsi, problem şuralarının bəzilərinin ixtisar olunması, onların birləşdirilərək yeni tərkibinin təsdiqi məsələləri müzakirə olunub.

Müşavirədə akademiklər Məhərrəm MəmmədyarovQərib Məmmədov, AMEA-nın müxbir üzvləri Mustafa Salahov,Vasif BabazadəAsəf HacıyevRafael Hüseynov,Adil QəribovMəsumə MəlikovaRamiz MəmmədovTofiq Hacıyev, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək respublikanın elmi-texniki, iqtisadi, sosial inkişafına yönələn perspektiv istiqamətlər üzrə elm və ali təhsil müəssisələrində tədqiqat işlərinin aparılması, təqdim olunan dissertasiya mövzularının ciddi müzakirəsi, elmin prioritet istiqamətlərinə uyğun olmayan mövzuların kənarlaşdırılması, problem şuralarının fəaliyyətinin koordinasiya olunması və hüquqlarının artırılması, RETTƏŞ-in bölmələrlə birgə fəaliyyət göstərməsi və RETTƏŞ-in əsasnaməsinin yenidən işlənilməsini təklif ediblər.

Müşavirənin yekununda V.Babazadə, M.Məlikova, R.Məmmədov, A.Hacıyev, R.Hüseynov, İ.Məmmədzadə və RETTƏŞ-in məsul katibi, AMEA Elmi-təşkilat idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov daxil olmaqla İşçi qrupunun yaradılması haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: