Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2018 13:25
  • A-
  • A
  • A+

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

E.Quliyev çıxışında "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq arenada özünəməxsus yeri olan, daxili sabitliyə malik ölkədir və siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə bir çox uğurlar əldə edilib. O, ölkəmizdə xalqla rəhbər birliyinin təmin edildiyini və Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəklədiklərini bildirib.

E.Quliyev mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu", Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli Qərarı və Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri əsasında təşkil olunduğunu diqqətə çatdırıb. O, 2018-ci ilin Tədbirlər Planının FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi ilə razılaşdırıldığını və təsdiq edildiyini bildirib.

Şöbə rəisi daha sonra 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı çıxış edib. E.Quliyev Ümumdünya Mülki Müdafiə Gününün 1 mart 1972-ci ildən etibarən qeyd olunduğunu və hər il konkret problemə həsr edildiyini söyləyib. O, əlamətdar günün AMEA-nın elmi müəssisə və təşkilatlarında yüksək səviyyədə keçirilməsi barədə qərargah rəislərinə müvafiq tapşırıqlar verib.

E.Quliyev, həmçinin fevral ayında AMEA-nın Dilçilik, Əlyazmalar, Torpaqşünaslıq və Aqrokimya, Dendrologiya institutlarında, o cümlədən Milli Azərbaycan Tarixi və Milli Azərbaycan Ədəbiyyatı muzeylərində xəbərdarlıq və toplanış məşqlərinin keçiriləcəyini bildirib.

Bundan əlavə, iclas zamanı müəssisələrdə əmlakın qeydə alınması zamanı yol verilən yanlışlıqlarla bağlı göstərişlər də verilib.

Sonra şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək Rəhbər Heyətin Mülki Müdafiə məşqinin keçirilmə metodikası barədə danışıb. Qeyd edib ki, elmi müəssisə və təşkilatlarda Rəhbər Heyətin mülki müdafiə məşqləri Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarına əsasən ildə bir dəfə keçirilir. O.Fərzəliyev məşqlərə müəssisə direktorunun rəhbərlik etdiyini və iki hissədən - məşqlərə hazırlıq və məşqin keçirilməsindən ibarət olduğunu bildirib.

Məşqlərin keçirilməsinə 1 ay qalmış MM qərargah rəisləri tərəfindən hazırlıq işlərinə başlanıldığını deyən O.Fərzəliyev vurğulayıb ki, bu barədə əmr verilməli, müəssisələrdə elan asılmalı və iştirakçılar məlumatlandırılmalıdır.

O, məşqlərin keçirilməsinə dair sənədlərin hazırlanması qaydasını da əyani nümayiş etdirib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: