Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2018 12:40
  • A-
  • A
  • A+

Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilib

Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilib

Fevralın 12-də Milli Aviasiya Akademiyasının Tələbə Tədris Mərkəzində “Fevral məruzələri – aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III beynəlxalq elmi-praktik gənclər konfransı işə başlayıb.

Tədbirdə Milli Aviasiya Akademiyasının prorektoru, professor Ədalət Səmədov fevral ayının ölkəmizdə bir sıra əlamətdar hadisələrlə zəngin olduğunu bildirib. Qeyd edib ki, fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Həmçinin 2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxılıb. Fevral ayında daha bir əlamətdar hadisə odur ki, biz Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin və dünya şöhrətli alim, bu ali təhsil ocağında aerokosmik məsələlər üzrə məsləhətçi vəzifəsində çalışan akademik Roald Saqdeyevin doğum günündür.

Ədalət Səmədov diqqətə çatdırıb ki, artıq üçüncü dəfədir keçirilən konfrans gənclərə elmi müzakirələrdə iştirak etməyə, elmi mərkəzlərlə tanış olmağa və yeni əlaqələr qurmağa imkan yaradır. Üç gün davam edəcək tədbir çərçivəsində səkkiz bölmə üzrə mülki aviasiya və kosmik sahənin aktual problemlərinə həsr olunan 120 məruzə dinləniləcək. Həmçinin Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə ustad dərsləri, seminar və “dəyirmi masa”ların təşkili nəzərdə tutulub. 

Konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Təhsil nazirinin müavini Firudin Qurbanov konfransın işinə uğurlar arzulayıblar. Çıxışlarda təhsil sisteminin inkişafının və yüksək təhsilli elmi kadrların yetişdirilməsinin hazırda dünya qarşısında duran vacib məsələlərdən biri olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycanda da elm və təhsil sahəsinin inkişafı dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən ali məktəblər sırasında Milli Aviasiya Akademiyasının xüsusi rolundan danışılıb, bu ali təhsil müəssisəsində ildən-ilə tələbələrin, doktorantura sahəsində oxuyanların sayında artım müşahidə olunduğu diqqətə çatdırılıb.

Plenar iclasda yazıçı-jurnalist, kosmik problemlər üzrə mütəxəssis Vladimir Qubarevin “Kosmosa ilk addımlar. Şahidin sübutu. Niyə Yerdən kənara uçuruq? Adi insanın düşüncələri ...”, ABŞ-ın Arizona Universitetindən İldar Qabitovun “Biofotonika - canlı sistemlərin əsaslarını öyrənən istiqamət kimi” və Roald Saqdeyevin “Kosmik elmin müasir vəziyyəti” mövzusunda məruzələri dinlənilib.

Konfrans işini bölmə iclaslarında davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: