Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.02.2018 16:57
  • A-
  • A
  • A+

AMEA-da görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

AMEA-da görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

AMEA-nın Alimlər Evinin və Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı bəstəkar, SSRİ Xalq artisti, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir çərçivəsində, həmçinin Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, akademik Zemfira Səfərovanın elmi redaktorluğu ilə çap edilən “Azərbaycan musiqi tarixi” kitabının III cildinin təqdimatı olub.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademik İsa Həbibbəyli, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və digər şəxslər iştirak ediblər.

Tədbirdə akademik Akif Əlizadə çıxış edərək bu gün ölkəmizdə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb, dövlət başçısının "Qara Qarayevin 100 illik yubileyi haqqında" 17 oktyabr 2017-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, Qara Qarayev Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedadlardan biri olub və hələ sağlığında ikən ölkəmizin simvoluna çevrilib.

Akademik A.Əlizadə bəstəkarın milli musiqimizi klassik və müasir musiqi janrları ilə sintez etməklə unudulmaz əsərlər meydana gətirdiyini söyləyib. A.Əlizadə bunların arasında "Yeddi gözəl", "İldırımlı yollarla", "Leyli və Məcnun" baletlərinin xüsusi fərqləndiyini vurğulayıb.

Q.Qarayevin "Don Kixot", "Uzaq sahillərdə", "Bir məhəlləli iki oğlan" və kimi filmlərə unudulmaz bəstələr yazdığını söyləyən AMEA rəhbəri onun irsini gələcək nəsillərə çatdırmağın zəruriliyini qeyd edib.

Sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Qara Qarayevin 100 illik yubileyi ilə bağlı Türkiyə, Rusiya, Litva, Qırğızıstan və digər ölkələrdə silsilə tədbirlərin keçirildiyini bildirib. Vurğulayıb ki, TÜRKSOY 2018-ci ili “Qara Qarayev İli” elan edib, o cümlədən YUNESKO səviyyəsində dünya şöhrətli bəstəkarın yubileyi qeyd olunacaq.

Ə.Qarayev, həmçinin Fransanın “Mezzo” klassik musiqi televiziya kanalında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə Q.Qarayevə həsr edilmiş filmin yayımlandığını, mart və aprel aylarında da sözügedən kanalda təbliğatın davam etdiriləcəyini söyləyib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın Q.Qarayevin həyat və yaradıcılığından bəhs edən məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və digərləri çıxış edərək Q.Qarayevlə bağlı xatirələrini bölüşüb, bəstəkarın unudulmaz əsərlərinin insanı əxlaqi-mənəvi kamilliyə çağırdığını söyləyiblər.

Sonda tədbir musiqi proqramı ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: