Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2018 14:09
  • A-
  • A
  • A+

"Xocalı soyqırımı – insanlığa və bəşəriyyətə qarşı cinayətdir" adlı tədbir keçirilib

"Xocalı soyqırımı – insanlığa və bəşəriyyətə qarşı cinayətdir" adlı tədbir keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutu, Mərkəzi Elmi Kitabxana (MEK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan "Xocalı soyqırımı – insanlığa və bəşəriyyətə qarşı cinayətdir" adlı tədbir keçirilib.

Əvvəlcə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı zamanı şəhid olmuş soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törədildiyini deyib. Bildirib ki, blokadaya alınan Xocalı şəhərinə artilleriya və ağır hərbi texnikadan atəş açılıb, şəhər yandırılıb, nəticədə 613 nəfər amansızlıqla qətlə yetirilib, 8 ailə məhv edilib.

R.Abdullayeva ulu öndər Heydər Əliyev tərəfindən 1 mart 1994-cü ildə Xocalı faciəsi ilə bağlı xüsusi Fərmanın imzalandığını, Milli Məclisinin qərarı ilə isə 26 fevralın "Xocalı soyqırımı və milli matəm günü" elan olunduğunu diqqətə çatdırıb.

Sonra İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov çıxış edərək şəhidlərimizin qanının yerdə qalmayacağını, tezliklə bütün işğal altındakı torpaqların azad ediləcəyini və aprel döyüşlərində ordumuzun buna qadir olduğunu sübut etdiyini deyib.

Tədbirdə İqtisadiyyat İnstitutunun şöbə müdiri Tanrıverdi Paşa "Xocalı soyqırımı XX əsrdə xalqımızın ən böyük faciəsi və erməni seperatizmini dəstəkləyən supergüclərin ifşasıdır", MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü "Xocalı faciəsi yerli və dünya mediasında", Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girov, itkin problemi" mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması, eləcə də beynəlxalq arenada soyqırıma hüquqi qiymətin verilməsi istiqamətində görülən işlərdən danışılıb.

Qeyd edək ki, tədbir çərçivəsində Dövlət Komissiyası tərəfindən hazırlanmış sərgi də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: