Bu gün AMEA-nın Əsas binasında Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarında beynəlxalq əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva çıxış edərək AMEA-da bu formatda görüşün ilk dəfə baş tutduğunu söyləyib. O, son illər ərzində akademiyanın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələrinin təkmilləşdirilməsi və peşəkarlaşdırılması istiqamətində əməli tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Beynəlxalq əlaqələr, innovasiyalar və qrant layihələri şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Məmmədova, Ədəbiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyeva və Hüquq və İnsan Haqları İnstitutunun Təhsil və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Racıv Qurbanov çıxış edərək təmsil etdikləri qurumların ötən illər ərzində gördükləri işlərdən və beynəlxalq təcrübələrindən danışıblar. Qeyd olunub ki, son illərdə Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyası, qlobal rəqabət mühitində fəaliyyət, eləcə də multidissiplinar tədqiqatlar və qrant layihələrdə iştirak istiqamətində bir sıra işlər görülüb. Bundan əlavə, bildirilib ki, BMT-nin, Avropa Birliyinin, MDB ölkələrinin elmi təşkilatları ilə, o cümlədən AMEA-nın beynəlxalq əlaqələri və müqavilələri əsasında müştərək proqramlar yerinə yetirilib.
Daha sonra Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşları - Firuzə Xəlilova, Günay Cəfərova və Məlahət Qurbanova "AMEA-nın elmi müəssisələri ilə əlaqə vasitələri, problemlər və perspektivlər" mövzusunda təqdimatla çıxış ediblər.
Sonda beynəlxalq təcrübə və əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.