Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kimya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda baş tutan tədbiri şuranın sədri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra institutun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor Nizami Zeynalovun “Polimer hidrogellər dərman maddələrinin daşınması və gen terapiyasında effektiv vektor kimi” mövzusunda məruzəsi dinlənilib. N.Zeynalov polimer hidrogellər, onların dərman maddələrinin daşınmasında və gen terapiyasında istifadəsi haqqında dünya miqyasında və laboratoriyada aparılan işlərdən, alınmış nətıcələrdən danışıb.
Natiq bildirib ki, hazırda tibbdə dərman maddələrinin uzunmüddətli təsirinə nail olmaq üçün daşıyıcı kimi polimer gellərdən istifadə edilir. Aşağı molekul kütləli dərmanların orqanizmdə uzun müddət qala bilmədiyini, onların sürətlə xaric olunduğunu və ya metobolizmə uğradığını deyən alim nəticəyə nail olmaq üçün dərman preparatlarının artıq miqdarda və ya onların təkrarən qəbul edilməsinin zərurliyini bildirib. O, orqanizmdə bioloji aktiv birləşmələrin özlərinin fiziki-kimyəvi xassələrinə uyğun olaraq yayıldığını və yalnız nadir hallarda daxil edilmiş dərmanların 10%-ə qədərinin zədələnmiş orqanlara təsir göstərdiyini diqqətə çatdırıb.
N.Zeynalov qeyd edib ki, Azərbaycan Tibb Universiteti ilə birgə bu sahədə aparılan tədqiqatlarda mühüm nəticələr əldə olunub. Belə ki, doksorubisinin immobilizə olunması üçün poliakril turşusu və poli-N-vinilpirrolidon əsasında yeni yaddaşa malik polimer hidrogellər sintez olunub, onların sorbsiya qabiliyyəti öyrənilib və yüksək sorbsiya qabiliyyətinə malik olduqları müəyyən edilib.
Alim bu tip polimerlərin istifadəsi ilə şiş xəstəliklərinin eksperimental müalicəsində doksorubisinin terapevtik dozasını xeyli azaltmağın mümkün olacağını söyləyib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, məruzənin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.