Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.04.2018 15:11
  • A-
  • A
  • A+

"31 mart 1918-ci il azərbaycanlıların soyqırımı - 100" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

"31 mart 1918-ci il azərbaycanlıların soyqırımı - 100" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Aprelin 2-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə "31 mart 1918-ci il azərbaycanlıların soyqırımı - 100" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbirdə Türkiyə, ABŞ, Rusiya, Almaniya və İrlandiyadan olan alimlər iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq 1918-ci ilin 31 martında ermənilər tərəfindən xalqımıza qarşı Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə həyata keçirilən qırğınlar nəticəsində on minlərlə günahsız insanın amansızcasına öldürüldüyünü bildirib. Qeyd edib ki, hadisələr zamanı maddi-mədəniyyət nümunələri də məhv edilib, "İsmailiyyə" binası, "Kaspi" mətbəəsi, "Açıq söz" qəzetinin redaksiyası yandırılıb, "Təzəpir" məscidinin minarələri top atəşləri nəticəsində uçurulub. O, mənfur qonşularımızın qanlı əməlləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva konfransın Prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 18 yanvar 2018-ci il tarixli Sərəncamı çərçivəsində təşkil olunduğunu deyib. O, ermənilər tərəfindən törədilən 31 mart soyqırımının insanlığa sığmayan vəhşilik olduğunu söyləyib, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanla hadisələrə ilk hüquqi-siyasi qiymətin verildiyini bildirib.

G.Baxşəliyeva soyqırımla bağlı yeni faktların üzə çıxarılması istiqamətində Şərqşünaslıq İnstitutunda önəmli işlərin görüldüyünü, bu sahədə aparılan tədqiqatların, çap olunan kitabların 31 martla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. 

Tədbirdə almaniyalı professor Dirk Reytz Günter, türkiyəli alimlər - Kamal Çiçək, Mehmet Perinçek, rusiyalı nümayəndələr - Oleq Kuznetsov, Valeri Stepanov və Boris Hatsiyev, ABŞ-dan Nikolas Vandorf və digərləri çıxış edərək ermənilərin müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla bağlı tarixi faktları diqqətə çatdırıblar.

Daha sonra Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin və institutun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidinin məruzələri dinlənilib.

Sonda ermənilərin törətdikləri soyqırımlara dair Şərqşünaslıq İnstitutunda nəşr olunan kitabların sərgisinə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: