AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda bu qurumun rəsmi veb-saytının, həmçinin institutun direktoru, akademik Telman Əliyevin elmi fəaliyyətini əks etdirən veb-saytın yeni versiyasının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş nitqi ilə açan akademik Telman Əliyev institut və təşkilatların fəaliyyətinin geniş təbliğində saytların böyük rola malik olduğunu bildirib. Qeyd edib ki, yüksək peşəkarlıqla hazırlanmış, müasir tələblərə cavab verən veb-saytlar qurumun güzgüsü rolunu oynamaqla yanaşı, onun beynəlxalq layihələrdə iştirakına geniş imkanlar yaradır. Alim hər iki veb-saytın yeni versiyasının yüksək səviyyədə təşkil olunduğunu söylədi, saytların zəruri məlumatlarla təmin olunması və institutun fəaliyyətinin operativ işıqlandırılmasının zəruriliyini vurğulayıb.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək AMEA Rəyasət Heyəti tərəfindən akademiyanın institut və təşkilatlarının veb-saytlarının müvafiq standartlara, eləcə də beynəlxalq, texnoloji, hüquqi və korporativ tələblərə uyğun hazırlanmasına böyük əhəmiyyət verildiyini, bu məqsədlə müvafiq qərarların qəbul olunduğunu söyləyib. Alim hazırda İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarından ibarət Monitorinq qrupu tərəfindən mütəmadi olaraq akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqlərinin aparıldığını nəzərə çatdırıb.
Qeyd edib ki, bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir və alimlərimizin fəaliyyəti, onların aldıqları elmi nəticələrə dair məlumatlar bu saytlar vasitəsilə operativ olaraq yayımlanır: “Bu isə, öz növbəsində, əldə olunan elmi nailyyətlərin kommersiyalaşdırılmasının sürətləndirilməsi baxımından geniş imkanlar açır”.
R.Ələkbərov bildirib ki, institutun mütəxəssisləri tərəfindən hazırlanmış “www.isi.az” və “www.telmanaliev.az” veb-saytları AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılıb, təhlükəsizlik təmin olunmub. Məruzəçi, həmçinin saytın AzScienceNet elm kompüter şəbəkəsinin Data mərkəzində yerləşdirildiyini söyləyib.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun proqramçısı Yusif Sadıyev “www.isi.az”, saytının strukturu haqqında ətraflı məlumat verib. Üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytda “İnstitut haqqında”, “Xəbərlər”, “Elmi fəaliyyət”, “Dissertasiya Şurası”, “İnnovasiya fəaliyyəti”, “Beynəlxalq əməkdaşlıq” və digər bölmələrin, “Elanlar” blokunun yer aldığını, institutda keçirilən mühüm tədbirlərin “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapdığını qeyd edib. Veb-resursun sadə və genişləndirilmiş axtarış sisteminə malik olduğunu bildirən Y.Sadıyev internet-resursda “Faydalı keçidlər” və sosial şəbəkələrə keçidlərin mövcud olduğunu söyləyib.
Daha sonra proqramçı Sərxan Yolçuyev akademik Telman Əliyevin elmi fəaliyyətini əks etdirən “www.telmanaliev.az” saytının yeni versiyasını təqdim edib. Ən son texnologiyalar əsasında yaradılmış veb-saytın “Haqqında”, “Elmi əsərlər”, “Kadr hazırlığı”, “Layihələr”, “Patentlər”, “Mükafatlar”, “Elmi nəticələr”, “Tətbiq işləri”, “Xəbərlər”, “Qalereya” və digər bölmələri barədə məlumat verən məruzəçi saytın 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərdiyini bildirib. Həmçinin saytda “RNM ASP Stansiyaları”, “Kitablar”, “Videoqalereya” bölmələrinin və geniş axtarış sisteminin mövcud olduğunu söyləyən S.Yolçuyev veb-saytda yerləşdirilmiş bütün məlumatların saytın adminsitratoru tərəfindən idarə olunduğunu diqqətə çatdırıb.
Təqdimatdan sonra müzakirələr aparıldı, suallar cavablandırılıb.
Daha sonra institutun əməkdaşı Vüsal Məmmədova hər iki veb-saytın idarə olunması üzrə təlim kursunu müvəffəqiyyətlə başa vurduğuna görə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən sertifikatlar təqdim olunub.
Sonda çıxış edən akademik Telman Əliyev veb-saytların yaradılmasında göstərdikləri köməyə görə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə və institutun əməkdaşlarına öz təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.