Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.04.2018 12:32
  • A-
  • A
  • A+

“Dastan gecələri” layihəsinin ilk tədbiri baş tutub

“Dastan gecələri” layihəsinin ilk tədbiri baş tutub

AMEA-nın Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin (BMM) birgə təşkilatçılığı ilə “Dastan gecələri” adlı layihənin ilk tədbiri həyata keçirilib.

BMM-də baş tutan tədbiri mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov açaraq Azərbaycanın xalq yaradıcılığına həsr olunan belə layihələrin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.

Sonra Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək layihənin aşıq sənətinin təbliği baxımından önəmini vurğulayıb. Bildirib ki, qədim tarixi köklərə malik olan aşıq sənəti Azərbaycan xalq yaradıcılığında özünəməxsus yer tutur. Bu sənət xalqımızın bir sıra qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirir. M.İmanovun sözlərinə görə, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Alim layihənin dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirildiyini, eyni zamanda aşıq sənətinin bugünkü xüsusiyyətlərini ictimaiyyətə göstərməyə xidmət etdiyini deyib.

Akademik M.İmanov layihə çərçivəsində “Abbas-Gülgəz”, “Leyli-Məcnun”, “Kiçik Rza”, “Aşıq Alının Türkiyə səfəri”, “Məhəmməd – Səlbi xanım” “Əmrah - Səlbi” kimi dastanların tanınmış aşıqların ifasında tamaşaçılara təqdim olunacağını vurğulayıb.

Sonra Azərbaycan Aşıqlar Birliyinin üzvü Qələndər Zeynalovun ifasında “Alı xan - Pəri xanım” dastanı təqdim olunub. Aşığı balabanda Əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli müşayiət edib.

Ailə-əxlaq mövzusunda olan dastan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: