Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.04.2018 09:34
  • A-
  • A
  • A+

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə elmi şurasının cari ildəki 4-cü iclası keçirilib.

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda 4-ü elmlər doktorluğu, 18-i fəlsəfə doktorluğu hazırlığı üzrə təqdim olunmuş 22 dissertasiya mövzusu müzakirə olunub, tədqiqatçılara elmi işlərini daha da təkmilləşdirmələri üçün müəyyən tövsiyə və tapşırıqlar verilib.

İclasda elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş Azərbaycan Dillər Universitetinin dissertantı Nuranə Nuriyevanın “ABŞ ədəbiyyatında oriyentalizm: təşəkkülü, mərhələləri və tipologiyası” mövzusu adında heç bir dəyişiklik olunmadan təsdiq olunub. Bakı Dövlət Universitetinin dissertantı Vüqar Qaradağlının “Quran qiraətlərinin fonetik xüsusiyyətləri (Həfs rəvayəti ilə Şübə və Vərş rəvayətlərinin əsasında)” mövzusu “Həfs, Şübə və Vərş rəvayətləri əsasında Quran qiraətlərinin fonetik xüsusiyyətləri” kimi, AMEA Folklor İnstitutunun dissertantı Fidan Qasımovanın “Oğuz və kelt eposlarında obrazların, süjetlərin və formulların tipologiyası” mövzusu “Oğuz və kelt eposlarında süjet və obrazların tipologiyası” kimi təsdiq edilib. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Fərqanə Əliyevanın “XIX-XX əsrlər Azərbaycan alim ədiblərinin bədii yaradıcılığı” mövzusu isə iddiaçının iclasda iştirak etməməsi səbəbindən müzakirə edilməyib.

Tədbirdə, həmçinin fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə “Azərbaycan dilində qeyri-məhsuldar şəkilçilərin morfosemantik təhlili”, “Azərbaycan bayatılarının poetik sintaksisi”, “Abbasqulu ağa Bakıxanovun poetik irsi və ədəbi görüşləri”, “Müxtəlifsistemli dillərdə kəmiyyət məzmunlu vahidlərin struktur-semantik arxitektonikası”, “İngilis dilində flektiv sözyaratma prosesləri və onların Azərbaycan dilində qarşılıqları”, “Azərbaycan dilində alqış və qarğışların linqvistik xüsusiyyətləri”, “Təbriz-Qaradağ aşıq mühiti (XIX əsrə qədər)” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

Ümumilikdə iclasda 5-nin adında dəyişiklik edilməklə, 16 mövzu təsdiq olunub. Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, professorlar Aida Qasımova, Bilal İsmayılov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Mehdi Kazımov, Qorxmaz Quliyev, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Şirindil Alışanov, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: