Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən Əliağa Vahidin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii məclis keçirilib

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən Əliağa Vahidin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii məclis keçirilib

Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi tərəfindən məşhur qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahidin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii məclis keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin Aran şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı ədəbiyyat və musiqimizdə özünəməxsus, əvəzsiz rolu olan Ə. Vahidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Sonra şairin səsi yazılmış lent yazıları səsləndirilib.

Filologiya üzrə elmlər doktoru, professor Tərlan Quluyev, Əməkdar müəllim İmran Sabirov, yazıçı-publisist, AYB-nın tərcümə bölməsinin rəhbəri İlqar Fəhmi Əliağa Vahidin yaradıcılığının əsas məziyyətlərindən, qəzəl janrının ənənəvi klassik xüsusiyyətlərinə riayət etməklə bərabər sadə, xalq danışıq tərzinə yaxın yazı üslubu ilə ədəbiyyata yeni nəfəs gətirməsindən, publisistik fəaliyyəti, satira sahəsindəki orijinal xüsusiyyətləri, tərcümələri, Azərbaycan muğam ifaçılarının tərəqqisinə xidmətlərindən söhbət açıblar.

Şairin həyat və yaradıcılığından bəhs edən “Qəzəlxan” filmindən parçalar nümayiş etdirilib.

Respublika III Muğam Müsabiqəsinin qalibləri Məmməd Nəcəfov və Nigar Şabanova Ə.Vahidin qəzəllərinə muğam və təsniflər ifa etməklə məclisə rövnəq veriblər.

Məclisdə tamaşaçılar, Vahidsevərlər şairin əsərlərindən parçalar söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: