Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Müstəqil Azərbaycan: reallıqlar və perspektivlər" mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Akademik bildirib ki, müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev tarixin çətin vaxtlarında hakimiyyətə gələrək böyük xidmətlər göstərib, xalqı parçalanmaqdan xilas edib. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi vaxtda Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində mühüm addımlar atıb.
Ulu öndər Heydər Əliyevin elmimizin inkişafındakı xidmətlərini xatırladan akademik vurğulayıb ki, ümummilli lider AMEA-nın işinin daim gücləndirilməsi və zənginləşdirilməsinə xüsusi diqqət yetirib. Akademiyanın rəhbəri bildirib ki, ümummilli liderin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və Azərbaycan inamla işıqlı gələcəyə addımlayır. Prezident seçkilərində İlham Əliyevə böyük etimad göstərilməsi dövlət başçısının xalqla həmrəyliyinin bariz nümunəsidir.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Heydər Əliyev: zaman və müasirlik" mövzusunda məruzə ilə çıxış edib. İ.Həbibbəyli bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən bütün dünyanın diqqətini cəlb etmiş qüdrətli şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev yeni Azərbaycanın böyük yaradıcısı və qurucusu, xilaskar və müdrik rəhbəridir. Akademik vurğulayıb ki, xalqımız ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini ölkəmizin məsuliyyətli və şərəfli tarixinin böyük hadisəsi kimi qeyd edir.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, hazırda ölkəmizdə ulu öndər Heydər Əliyevin böyük ideyaları ardıcıllıqla və dönmədən, uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı yaradıcılıqla, yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır.
Tədbirdə millət vəkili, iqtisad üzrə elmlər doktoru, professor Şəmsəddin Hacıyevin “İqtisadi inkişafın Azərbaycan modeli: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzəsi dinlənilib.
Müstəqillik dövründə Azərbaycanın keçdiyi iqtisadi inkişaf yolunu tutarlı arqumentlərlə təhlil edən Ş.Hacıyev bildirib ki, Azərbaycanın iqtisadi inkişaf modeli ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin bu iqtisadi uğurlarını Prezident İlham Əliyev yüksələn xətlə davam etdirir. Azərbaycanda dayanıqlı, davamlı inkişafın formalaşmasından danışan professor iqtisadi inkişaf yolu, aparılan siyasət və onun nəticələri barədə ətraflı məlumat verib.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Təsviri sənətdə Heydər Əliyevin obrazı” mövzusunda məruzə ilə çıxış edib. Ə.Salamzadə bildirib ki, ulu öndər Heydər Əliyevin təsviri və dekorativ-tətbiqi sənətlərin bütün növlərində yaddaqalan surətləri yaradılıb. Yağlı və sulu boya, karandaşla işlənmiş, parlaq, rəngarəng xalça ilmələri vasitəsilə təcəssüm etdirilmiş obrazlar silsiləsi müasir incəsənətin ən dəyərli nümunələrindən hesab olunur.
AMEA-nın müxbir üzvü vurğulayıb ki, rəngkarlıq və qrafikada olduğu kimi, heykəltəraşlıqda da ümummilli lider Heydər Əliyevin yüksək dinamikliyi ilə seçilən, ifadəli üz cizgilərinə malik möhtəşəm heykəlləri yaradılıb. Bu heykəllər həm Azərbaycan, həm də dünya incəsənətində özünəməxsus yer tutur.
Ə.Salamzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin obrazı dekorativ-tətbiqi sənətdə də öz əksini tapıb. Natiq bu sahədə əsas yeri xalçaçılığın tutduğunu vurğulayıb: “Son illər üzərində Heydər Əliyevin təsvirləri olan bir-birindən gözəl, rəngarəng xalçalar toxunulub. Bundan başqa, ulu öndərin daş, çaylaq daşı, ağac və digər materiallar üzərində oyma və yonma üsulu ilə hazırlanmış təsvirlərinə də rast gəlinir. Eləcə də, onun zərgərlik, misgərlik sahələrində, basma və başqa üsullarla yaradılmış surətlərinə də təsadüf olunur”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.