AMEA-nın Naxçıvan Bölməsi, Hüseyn Cavidin Ev Muzeyi, Molekulyar Biologiya və Biotexnologiyalar və Radiasiya Problemləri institutlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan konfranslar və "İnteraktiv açıq dərs" keçirilib.
Tədbirlərdə çıxış edənlər AXC-nin yaranması və onun tarixi əhəmiyyətindən danışıb, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında ölkə başçısının Sərəncamları barədə məlumat veriblər.
Qeyd olunub ki, 1918-ci ilin 28 mayında öz müstəqilliyini elan edən AXC 23 aylıq qısa fəaliyyəti dövründə bir çox uğurlara imza atıb, milli, irqi, dini ayrı-seçkilik etmədən insanların bərabərliyi prinsipini üstün tutub, Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verib. Eyni zamanda ölkəmizin dövlət gerbi, himni, bayrağı və ordusu yaradılıb, Azərbaycan dili dövlət dili elan olunub, dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər formalaşdırılıb, ikitərəfli və çoxtərəfli müqavilələr bağlanıb.
Çıxış edənlər Cümhuriyyətin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələrinin bərpa edildiyini diqqətə çatdırıb, Azərbaycanın gələcək dövlət müstəqilliyinə zəmin hazırladığını söyləyiblər.
Bundan əlavə, AXC-nin tarixinin öyrənilməsi və həqiqətlərin xalqımıza çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhəmiyyətini vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.